Şəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29–cu il dönümünə həsr olunmuş sərgi təşkil edilmişdir.

Şəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29–cu il dönümünə həsr olunmuş sərgi təşkil edilmişdir.

Fevralın 23-də Şəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 29 –cu il dönümünə həsr olunmuş sərgi təşkil edilmişdir. Sərgi Xocalı faciəsini bir daha yad etmək, onun mahiyyətini gənc nəsillərə anlatmaq məqsədilə təşkil olunub. Sərgidə nümayiş etdirilən fotoşəkillərdə qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların foto-şəkilləri və Xocalı faciəsinin dəhşətlərini əks etdirən Azərbaycan, ingilis və rus dillərində kitablar nümayiş etdirilib. Qeyd edək ki, sərgi 28 fevral 2021- ci il tarixinədək davam edəcəkdir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırdı. Nəhayət 29 il sonra Azərbaycan Respublikasının Ali baş komandanı cənab İlham Əliyevin əmriylə 27 sentyabr 2020-ci il tarixində başlanan 44 günlük vətən müharibəsi bizi böyük Qələbəyə aparan yolun başlanğıcı oldu. Sonunda haqq-ədalət öz yerini tapdı və işğal altına düşmüş bütün torpaqlarımız Azərbaycan Respublikasının müzəffər ordusunun qətiyyəti sayəsində azad edildi.
Xocalı faciəsinin 29- cu ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək, Allahdan onlara rəhmət diləyir, ruhları şad olsun deyirik.