Heydər Əliyev fenomeni və Azərbaycanda mədəniyyət, musiqi

Heydər Əliyev fenomeni və Azərbaycanda mədəniyyət, musiqi

Sentyabrın 17-də Şəki Heydər Əliyev mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev fenomeni və Azərbaycanda mədəniyyət, musiqi” mövzusunda “Milli Musiqi günü” nə həsr olunmuş onlayn videokonfrans keçirildi. Konfransda Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Şəki Heydər Əliyev mərkəzinin əməkdaşları, digər mədəniyyət müəssisələrinin rəhbərləri və Şəki Asan Xidmət mərkəzinin könüllüləri iştirak etmişdir.
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir.
Konfransa giriş sözü ilə mərkəzin baş fond mühafizi Qorxmaz Məhərrəmov başladı. O qeyd etdi ki, görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər – bu sözlər müstəqil Azərbaycan dövlətinin qurucusu, əbədiyaşar lideri, Ulu öndər Heydər Əliyevə məxsusdur. Ulu öndər xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Məhz onun sayəsində Azərbaycan musiqisi sözün həqiqi mənasında yüksəliş dövrü keçdi.
Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Musiqi sahəsində təhsilin önəmini bilən Ulu öndər Azərbaycanın müxtəlif bölgələrində musiqi məktəbləri, muğam və aşıq sənəti ilə bağlı yaradıcılıq mərkəzlərinin yaradılması üçün xüsusi göstərişlər vermişdir. “Bizdən sonra əməllərimiz qalacaq” deyən müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək bizim mənəvi borcumuzdur. Bu fikri Heydər Əliyevin qayğı və diqqəti sayəsində yüksək sənət zirvələri fəth etmiş hörmətli sənətkarlarımız da dönə-dönə vurğulayırlar.
Daha sonra çıxış üçün söz Şəki Dövlət Regional Kollecinin musiqi bölməsinin musiqişünası Xatirə xanım Orucovaya verildi. O bildirdi ki, musiqi insan fantaziyasının məhsuludur. Yəni insanın yaradıcılığıdır. Dünyada elə bir xalq yoxdur ki, onun özünə məxsus musiqi mədəniyyəti olmasın. Xalq musiqisinin fərqləndirici cəhəti onun nota alınmaması, yəni şifahi halda mövcud olmasıdır. Azərbaycan profesional musiqisini banisi Üzeyir Hacıbəyov Azərbaycan xalq musiqisini əsasları adlı kitabında 25 il əmək sərf edərək muğamlar haqqında ətraflı məlumat vermiş və bizi əhatə edən musiqi dünyamızı zənginləşdirmişdir. Üzeyir Hacıbəyovun Azərbaycan xalqına verdiyi böyük töhvələrə görə məhz onun anadan olduğu gün 18 sentyabr, milli musiqi günü kimi qeyd olunur.
Daha sonra çıxış üçün söz. Şəki Heydər Əliyev Mərkəzinin bələdçisi Xuraman Səmədovaya verildi. O da öz çıxışında bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin kamil bilicisi və vurğunu idi. Dahi şəxsiyyət əsas da musiqi sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Çünki xalq musiqimiz Azərbaycan mədəniyyətinin, tarixinin, əsasını təşkil edir. Ulu öndərin təbirincə desək “ Xalqımız Azərbaycana dünya şöhrəti qazandıran istedadlı musiqiçiləri ilə haqlı olaraq fəxr etmiş və edəcəkdir.” Məhz buna görə də ulu öndər həmişə bəstəkarlara, ifaçılara, musiqişünaslara qayğı və hörmətlə yanaşmış və onlarla tez-tez görüşlər təşkil etmişdir.
Sonra isə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirildi.
Sonda isə çıxış üçün söz Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərovaya verildi. O, qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan musiqisini dünya arenasına çıxması üçün böyük işlər görmüşdür. Onun sərəncamı ilə Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərə prezident təqaüdü verilmiş, onların bir çoxu isə dövlətin ən yüksək orden və mükafatları ilə təltif olunmuşlar. Bu sənətkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudov idi. Bu fəxri adların sənətlkarlarımıza verilməsi, onların yüksək sənətkarlığı ilə bərabər eyni zamanda respublikaya rəhbərlik edən Heydər Əliyevin yüksək nüfuzunun təcəssümü idi.
Ən sonda Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin hazırladığı milli musiqi gününə həsr olunan dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettasının video afişası nümayiş etdirildi.