Şəki şəhər Heydər Əliyev Mərkəzində ”Qarabağ Azərbaycandır!” adlı videokonfrans formatında tədbir keçirilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində ”Qarabağ Azərbaycandır!” adlı videokonfrans formatında tədbir keçirilib.

İyulun 16 - da Şəki Heydər Əliyev Mərkəzi və Şəki MKS-nin əməkdaşlarının iştirakı ilə Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində sərhəd xəttində törədilən təxribatla bağlı ”Qarabağ Azərbaycandır!” adlı videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə çıxış edən Şəki şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin səyləri nəticəsində inkişafının yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda dünya çox çətin dönəm yaşayır. Koronavirus pandemiyasının geniş coğrafiyada yayılaraq bütün bəşəriyyətin bəlasına çevrildiyi bir zamanda mənfur düşmən öz işğalçılıq ənənələrinə sadiq qalaraq Tovuz rayonu istiqamətində sərhəd xəttində təxribat törətmişdir. Bununla da Ermənistan tərəfi süni gərginlik yaradaraq yenə də qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin işğalçının növbəti təxribatı olduğunu göstərmiş oldu. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Fərəhləndirici haldır ki, qısa müddət ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan Ordusu bu gün Cənubi Qafqaz bölgəsinin ən güclü Silahlı Qüvvəsinə çevrilmişdir. Aprel döyüşləri, eləcə də Naxçıvan zəfəri və hazırda Tovuz rayonu istiqamətində sərhəd xəttində gedən döyüşlər bunu deməyə əsas verir ki, bu gün Silahlı Qüvvələrimiz qarşısında dayanmış istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır.
Daha sonra tədbirdə çıxış edən Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki MKS-nin 9 saylı kitabxana filialının əməkdaşları Elnur Abdullayev, Xuraman Səmədova, Qorxmaz Məhərrəmov, Rüfanə Həsənova şəhidlərimizə Allahdan rəhmət diləyərək onların qanının yerdə qalmadığını və düşmənə layiqli cavabın verildiyini vurğuladılar. Bildirdilər ki, bugün Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin ordunun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirləri həyata keçirməsi sayəsində güclü Milli Ordumuz gündən-günə daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün hər cür imkan var.
Mənfur düşmənin atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçməsi, Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər. Azərbaycanın rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır, deyə bildirildi.
Sonda Şəhidlərimiz və Azərbaycan ordusunun qüdrətini əks etdirən videoçarx nümayiş olundu.