Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” və bundan irəli gələrək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planı təsdiq edilmişdir.
İyunun 18-də sözü gedən Dövlət Proqramı və İş Planına əsasən Şəki şəhər Heydər Əliyev Mərkəzi və Şəki Gənclər və İdman İdarəsnin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlər çərçivəsində “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda online maarifləndirici tədbir keçirmişdir. Konfransda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Şəki İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov, Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Əliəkbərli Ziyad, ADPU-nin Şəki Filialının IV kurs tələbəsi Tələbə Gənclər Təşkilatının sədri Ramin Rəhimov, Səki ASAN Xidmət Mərkəzinin könüllünəri, Şəki Heydər Əliyev Mərkəzlərinin əməkdaşları və bir sıra fəal gənclər iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rəşadət Sadıqov açaraq tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.
Daha sonra çıxış üçün söz Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ziyad Ələkbərliyə, ADPU-nin Şəki Filialının Tələbə Gənclər Təşkilatının sədri Ramin Rəhimova və Şəki Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Pərvanə Rəhimovaya verildi. Qeyd edildi ki, Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.
Belə ki, bu məsələ ilk dəfə Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Çıxışlarda ölkəmizdə bu bəlaya qarşı mübarizənin dövlət siyasəti səviyyəsinə qaldırıldığı vurğulanıb. Xalqımızın sosial problemlərini, əhalinin sağlamlığını, xüsusən gənclərin sağlam mühitdə böyümələrini diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərmanı, 1999-cu il 29 iyul tarixli “Narkotik vasitələrin və prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, bu fərman və qanunun icrası üçün Dövlət Komissiyasının yaradılması və sair ölkəmizdə bu bəlaya qarşı ciddi və ardıcıl mübarizə aparıldığını göstərir.
Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə 2019-2024-cü illər üçün Dövlət Proqramı qəbul edilmişdir.
Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, eləcə də maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.