Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları

Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Həmin sərəncamın imzalanmasından artıq 13 il keçir. Hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində çox saylı maarifləndirici tədbirlər keçirilir.
İyunun 5-də Şəki Heydər Əliyev Mərkəzinin, Ombudsmanın Şəki Regional Nümayəndəliyinin və Şəki şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları" mövzusunda videokonfrans keçirilmişdir. Konfransda Ombudsmanın Şəki Regional Mərkəzinin Nümayəndəliyinin rəhbəri Pərviz Məmmədov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, Şəki İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov, Şəki Regional Mədəniyyət İdarəsinin Məsləhətçisi Samirə Qədirova, Şəki Heydər Əliyev Mərkəzlərinin əməkdaşları, eyni zamanda fəal gənclər iştirak etmişdirlər.
Şəki Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov videokonfransı giriş sözü ilə açaraq keçirilən maarifləndirici tədbirin əhəmiyyətindən danışdı və çıxış üçün sözü Ombudsmanın Şəki Regional Mərkəzinin Nümayəndəliyinin rəhbəri Pərviz Məmmədova verdi. O çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları haqqında şagirdlərə geniş məlumat verib, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb. Qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Daha sonra tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov cıxış edərək İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində ölkəmizdə aparılan işlərdən, gənclər və idman sahəsinin bu günün tələblərinə müvafiq inkişafından, gənclərə yaradılan geniş imkanlardan danışdı. Videokonfrans Şəki Heydər Əliyev Mərkəzinin bələdçisi Xumar Musayeva çıxışı ilə davam etdi. Qeyd etdildi ki, İnsan hüquqlarının müəyyənləşdirilməsi, onun həyata keçirilmə mexanizmlərinin tapılması və reallaşdırılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, qanunvericiliyin formalaşdırılması prosesinə başlanılmış, 1998-ci il iyun ayının 18-də Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilmişdir. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. İnsan hüquqları aylığı çərçivəsində “Milli Fəaliyyət Proqramı”nın müddəalarına əsaslanmaqla, ölkəmizin bütün regionlarında dövlət qurumları, QHT, KİV-lər, beynəlxalq təşkilatlar və icmalar tərəfindən insan hüquqlarının effektiv müdafiəsinə yeni mərhələ açan, əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif maarifləndirmə tədbirləri və müzakirələr təşkil olunur.