Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

“Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik.”

Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri

Çarizmin apardığı işğalçı müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza köçürülərək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azərbaycanlıları təhdid etməyə, onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başladı. Azərbaycanlılara qarşı terror və soyqırım Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirildikdən sonra da ermənilərin azərbaycanlılara məxsus torpaqlara yerləşdirilməsi, onların sıxışdırılması, Azərbaycan ərazilərinin Ermənistana verilməsi siyasəti davam etdirildi.

Tarixdən məlumdur ki, Azərbaycan xalqı hələ əsrin əvvəllərindən özünün müstəqil dövlətini yaratmışdır. Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Daşnaqlar bu həqiqəti dərk etsələr də beyni zədələr Qorbaçovun yenidənqurma siyasətindən bəhrələnərək, ”Böyük Ermənistan” xülyası ilə Azərbaycanı parçalamaq siyasətini gerçəkləşdirməyə başlayırlar. 31 ildir ki, Azərbaycan artıq erməni superfaşizmi ilə, erməniliklə üz-üzə dayanıb.

Müharibə minlərlə ailənin evsiz-eşiksiz, başsız qalmasına səbəb olan mühüm bir hadisədir. İşğalın Azərbaycan Respublikası üçün ağır nəticələri olmuşdur. Ölkə ərazisinin təxmini 5-də biri işğal edilmiş, Ermənistan ilə dövlət sərhədinin 70 faizdən çoxu, İran-İslam Respublikası ilə sərhədinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altına düşmüşdür. 1988-ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin planlı şəkildə həyata keçirdiyi hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi-Dağlıq Qarabağın, eləcədə ona bitişik olan 7 rayonun( Laçın 1992-ci il 18 may, Kəlbəcər 1993-cü il 2 aprel, Ağdam 1993-cü il 23 iyul, Cəbrayıl 1993-cü il 23 avqust, Füzuli 1993-cü il 23 avqust, Qubadlı 1993-cü il 31 avqust, Zəngilan 1993-cü il 29 oktyabr tarixlərində) ərazisi işğal olunmuşdur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür.
Azərbaycanın əzəli və əbədi torpağı Dağlıq Qarabağ uğrunda döyüşlərdə 198 nəfər Şəki sakini şəhid olmuş, 67 nəfər itkin düşmüşdür. İki həmyerlimiz - Mikayıl Əhmədiyə oğlu Cəbrayılov və Elşad Məmmədhənifə oğlu Yəhyayev Azərbaycan Respublikasının Milli Qəhrəman adına layiq görülmüşdür.

Mikayıl Cəbrayılov 27 aprel 1952 - ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa Milli Qəhrəmanı Əhmədiyə Cəbrayılovun (“Armed Mişel”) ailəsində doğulmuşdur. Orta təhsilini kənd məktəbində almış, təhsilini Mərdəkandakı xüsusi milis məktəbində qiyabi davam etdirmiş, Şəki polis şöbəsində inspektor işləmişdir. Xüsusi tapşırıqla cəbhəyə getmiş, Kosalar kəndində düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuşdur. 1990-ci il dekabr ayının 5-də şəhid kimi əbədiyyətə qovuşmuşdur.

Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəkidə anadan olmuşdur. 1973- cü ildə Şəki şəhər 12 saylı orta məktəbində təhsilinə başlamışdır. 1977- ci ildə ailəsi ilə Bakı şəhərinə köçmüş, Xətai rayonunda 56 - saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Saratov şəhərində DİN Ali hərbi Komandirlər Məktəbini bitirib. Daxili qoşunlarda rota komandiri olub. 1992- ci ilin iyun ayının 19-da Ağdam rayonu ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olub, 8 oktyabr 1992-ci il Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “ Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Vətənimizin azadlığı, müqəddəs torpaqlarımızın toxunulmazlığı naminə nəinki oğlanlarımız, həmçinin qızlarımız da canından keçməyə hər zaman hazır olmuşdur və olacaqdır. Buna nümunə olaraq Abdullayeva Aytən Abdulla qızı və Qəhrəmanova Könül Kamran qızını göstərmək olar.

Abdullayeva Aytən 31 mart 1973-cü ildə Şəki rayonunun Qumuq kəndində anadan olmuşdur. Baş Layısqı kənd məktəbində təhsil almışdır. Bir illik tibb bacısı kursunu bitirdikdən sonra Qarabağın müxtəlif bölgələrində şəfqət bacısı kimi fəaliyyət göstərmişdir. Ağdərə uğrunda gedən döyüşlərdən birində şəhid olmuş, Bakıdakı “Şəhidlər Xiyabanı” nda dəfn edilmişdir.

Qəhrəmanova Könül 1972-ci ildə Şəkidə anadan olmuşdur. O, 14 saylı şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 91 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Könül bu məktəbi qurtardıqdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə vermiş, ali təhsil alaraq kino rejissoru olmaq istəmişdir. Amma Qarabağ hadisələri Könülün həyatında dönüş nöqtəsi oldu. Könül təhsilini bir kənara qoyub, könüllü olaraq Xocalıya, döyüş bölgəsinə getdi. Könül 1991-ci ilin noyabr ayından 1992-ci ilin sentyabr ayınadək Xocalı, Goranboy, Ağdam, Şuşa, Laçın rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş, yaralı əsgərlərimizə tibb bacısı kimi yardım göstərmişdir. Sentyabr ayının 30-da K.Qəhrəmanova Ağdamın Cinli kəndi uğrunda gedən vuruşmalarda qəhrəmanlıqla həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir.

“Azərbaycanın gələcəyi “etibarlı əllərdədir. Çünki bizim gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclərdir.(H.Əliyev) Buna bariz nümunə kimi 2016-cı ilin aprel döyüşlərini misal göstərmək olar. 2016- ci il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, 7 üzvü “ Azərbaycan Bayrağı” ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, 2 üzvü “General-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb. Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

Aprelin 1-6 – da cəbhə xəttində baş verən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. Şəhid olanlardan 52 nəfəri əsgər, 10 - u Müddətdən artıq Hərbi Xidmət qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.

Aprel döyüşlərində qəhrəmancasına şəhid olanlardan üçü Şəki sakinləridir. Onlar, Baş Leytenant Elnur İskəndəroğlu İskəndərov, Gizir Orxan Kazımoğlu Hümbətov, Vüqar Natiqoğlu Süleymanovdur.

Elnur İskəndəroğlu İskəndərov 1 iyun 1989-cu ildə Şəki şəhərində anadan olub. 2006-cı ildə Elnur İskəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil oldu, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirdi. Daha sonra Elnur İskəndərov Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başladı.

Elnur İskəndərov ailəli idi, Elman(D.2015) adında bir oğlu yadigar qaldı.


Baş leytenant Elnur İskəndərov 2016-cı ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Elnur İskəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant İskəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Elnur İskəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə “ Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Orxan Kazımoğlu Hümbətov 4 noyabr 1992-ci ildə Şəki şəhəri Kiş kəndində anadan olub. Gizir Orxan Hümbətov 2016-cı ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı. Gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “ Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Azərbaycan Silahlı qüvvələrinin əsgəri Vüqar Natiqoğlu Süleymanov 20 yanvar 1993-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. Vüqar Süleymanov 2015-ci ildə Bakı Slavyan universitetini bitirib. Əsgər Vüqar Süleymanov 2016-ci ilin aprel ayında Azərbaycan - Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Vüqar Süleymanov doğulduğu Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Süleymanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Vüqar Süleymanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “ Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.

Aprel döyüşlərində şəhid olmuş həmyerlilərimizin ili tamam olmamış daha bir acı xəbər bizi sarsıtdı. Milli Ordumuzun “ N” saylı hərbi hissəsinin kəşfiyyat bölüyünün komandiri Aqşin Abdullayev şəhid olmuşdur.

Fevralın 24 - dən 25 - nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyu törətdiyi iri miqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız şəhid olmuşdur. Onlardan biri Abdullayev Aqşin İsmayıloğludur.

Aqşin Abdullayev 1982-ci il 1 oktyabrda Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır. Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var. Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olmuşdur. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunmuşdur. Xidməti boyu qüsursuz xidmət göstərən mayor Abdullayev "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz Xidmətə Görə" 2-ci dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunmuşdur.[ O həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medalları ilə təltif edilmişdir. 2016-ci ilin aprel döyüşləri zamanı - şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri - fərmanla təltif olunmuşdur. Mayor Aqşin Abdullayev 2017-ci il 25 fevralda, Fevral döyüşləri zamanı şəhid oldu. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürüldü. Fevralın 28-i isə Aqşin Abdullayev doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə on mindən yuxarı rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılmışdı. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşayiəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

2019 -cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında Kamil Adışirinovun müəllifi olduğu "Həyatı nəsillərə örnək olan qəhrəman" kitabının təqdimatı keçirilib.

2019-cu ildə Beyləqanda şəhidə həsr edilmiş ARB Şəki televiziyasının istehsalı olan "İmtahan" filminin təqdimatı keçirilib. Filmin rejissoru İlham Əfəndidir.