Mərkəzin binası

Şəkidə orijinal layihə əsasında yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.

2018-ci il oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışı olub.

Heydər Əliyev Mərkəzi ümumi sahəsi 12 ha olan “İnzibati Mərkəz” Kompleksində yerləşir. Burada Heydər Əliyev Mərkəzi ilə yanaşı, Bayraq muzeyi və Bayraq meydanı yərləşir.

Heydər Əliyev Mərkəzinin tikintisinə 2018-ci ilin martında başlanılıb, yüksək səviyyədə aparılan tikinti işləri həmin ilin oktyabrında başa çatdırılıb. Mərkəzin binası 3 mərtəbədən ibarət olmaqla, ümumi sahəsi 3700 m2-dir.

Mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin 7,3 m hündürlüyündə qranitdən hazırlanmış abidəsi ucaldılıb. Abidənin müəllifi məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı Ömər Eldarovdur.

Mərkəzin yeni binası öz müasir görünüşü, zövqlə dizayn edilmiş interyeri və çox funksiyalılığı ilə seçilir. Binanın eksteryer dizaynı şəhərə xüsusi gözəllik verir, şəhərin ümumi görünüşü ilə vəhdət təşkil edərək onu daha da müasirləşdirir.

Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binası 3 mərtəbədən ibarətdir.

Binanın fasadı təbii qranit və vitraj şüşə ilə üzlənib.

Mərkəzin əsas girişində ziyarətçiləri Ulu Öndər Heydər Əliyevin qranitdən düzəldilmiş büstü qarşılayır, iki yan divarlarda Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki ilə bağlı söylədiyi fikirlər əks olunub.

Birinci mərtəbədə sahəsi 275 m2 olan Heydər Əliyev Muzeyi yerləşir. Burada nadir arxiv materialları və ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər sərgilənir.

Sahəsi 97 m2 olan kafe ziyarətçilərin və mərkəzdə keçirilən tədbir iştirakçılarının qəlyanaltı etməsi və dincəlməsi üçün nəzərdə tutulub.

Kafenin girişində yerləşən kiçik suvenir köşkündə Ulu Öndərin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, milli simvolların əks olunduğu döş nişanlarının, kiçik və orta ölçülü milli bayraqların, stolüstü dəstlərin, çap məhsullarının – kataloqların, bukletlərin, təqvimlərin, kitabların, broşurların, CD və DVD disklərin və Şəkiyə aid suvenirlərin satışı təşkil olunub.

273 yerlik akt zalının sahəsi 680 m2-dir. Yüksək akustikaya malik zal amfiteatr formasındadır. Burada ən müasir səs və işıq avadanlıqları quraşdırılıb. Səhnə arxasında olan köməkçi otaqlar burada rayon və Respublika əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsinə imkan yaradır.

Eyni zamanda birinci mərtəbədə yerləşən Etika kulubunun fəaliyyəti də xüsusi maraq doğurur.

Həmçinin burada sahəsi 20,4 m2 olan Şəki mətbəxində yerli mətbəx nümunələri nümayiş olunur.

Mərkəzdə yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili üçün müvafiq şərait yaradılıb.

I və II mərtəbələr arasındakı dairəvi pilləkən gözəl görünüşə malikdir.

İkinci mərtəbənin foyesi müvəqqəti və müxtəlif mövzularda sərgilərin təşkil olunması üçün nəzərdə tutulub.

Mərkəzdə Şəki şəhərinin 2017-ci ildən UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsinin üzvü olmasına dair xüsusi guşə yaradılıb.

Burada xarici dillərin tədrisi, adi və elektron kitabxana, rəsm studiyası, foto-video studiyalarının fəaliyyəti üçün də müvafiq şərait yaradılmışdır.

Mərkəzin üçüncü mərtəbəsində foyedə bərpaçı-memar Sehran Məmmədov tərəfindən hazırlanmış "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun maketi quraşdırılıb.

Burada 20 nəfərlik iclas otağı və 60 nəfərlik iclas zalı müxtəlif konfransların, yığıncaqların keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Gənclərin intellektual səviyyəsini yüksəltmək məqsədilə mərkəzdə şahmat klubu yaradılmışdır.

Məşğələ və intellektual oyun otaqları gənc nəslin yaradıcı inkişafı üçün nəzərdə tutulmuşdur.

Foto-video laboratoriyada mövcud sənəd-eksponatların və arxiv materiallarının qorunub saxlanılması təmin edilir.