Müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə.

Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir.

“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” söyləyən ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühüm addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranmışdır. Arzusu, amalı Azərbaycanı hərtərəfli inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür.

Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu.

Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən muxtar respublikada həyata keçirdiyi islahatlar sonradan daha böyük miqyasda, bütün Azərbaycanda tətbiq olundu. Onun Naxçıvanda yaşadığı illərə nəzər saldıqda aydın görürük ki, bu gün haqqında ürək dolusu danışdığımız və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin, islahatların təməli məhz o çətin illərdə qoyulub.

Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ulu öndər Heydər Əliyevə nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

2005-ci ildə Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə Prezident İlham Əliyev 1993-cü ilin iyunun 15-də müstəqil Azərbaycanın tarixinin yeni səhifəsi açıldığını bildirərək bu günkü Azərbaycanı həmin dövrün Azərbaycanı ilə müqayisə edərək söyləmişdir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərcilk var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.