Heydər Əliyev və Samux

Heydər Əliyev və Samux

Ulu öndər Heydər Əliyevin ən mühüm cəhəti o bu günü, sabahı deyil otuz, qırx il sonranı hesablayır, görə bilirdi. Əbəs deyil ki, Azərbaycanın zəngin təbii iqlim potensialından Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə geniş istifadə edilməyə başlandı. Ötən əsrin 60-cı illərinədək Azərbaycan iqtisadiyyatının ənənəvi sahəsi olan kənd təsərrüfatı böhran vəziyyətində olmaqla, ölkəmiz əsas göstəricilər üzrə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Belə ki, kənd təsərrüfatı sahəsində məhsuldarlıq aşağı idi, aqrar məsələlərin həllində elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi, bu sahədə demək olar ki, yüksək ixtisaslı kadrlar hazırlanmırdı. Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrilmişdi.

Paytaxt Bakıya, Azərbaycanın rayonlarına gözəllik verən yüzlərlə yaşayış binası, mehmanxana, ölkə iqtisadiyyatında mühüm rol oynayan iri istehsal kompleksləri, su anbarları, yaşıllıq zonaları, istirahət ocaqları, yollar Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Ümummilli lider sonralar o illəri xatırlayarkən demişdir: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".
Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

O, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bölgələrin sosial-iqtisadi inkişafına xüsusilə əhalinin sosial rifah halının yüksəldilməsinə böyük diqqət yetişdirmişdir. Bu məqsədlə ulu öndər mütamadi olaraq bölgələrə səfərlər təşkil edir, yerli əhali ilə çoxsaylı görüşlər keçirmiş, öz dəyərli tövsiyyələrini vermişdir. Dahi rəhbər 1976, 1977 və 1982-ci illərdə bölgəyə səfərlər etmişdir. Samux hələ qədim dövrlərdən üzümçülük, pambıqçılıq və s. baxımdan seçilirdi. Belə ki, tarixin bütün mərhələlərində respublikamızda üzümçülüyün müəyyən inkişafı olmuşdur. Amma onun geniş sənaye miqyaslı inkişafı XX əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevə məxsusdur. Təbii ki, Samux rayonuda (keçmiş Xanlar rayonu) bu inkişafdan geridə qalmamışdır. 1976, 1977, 1982-ci illərdə rayona səfəri zamanı Ulu Öndər burada yerləşən müxtəlif üzümçülük sovxozlarına səfər etmiş, rayonda yetişən müxtəlif üzüm növləri ilə tanış olmuş ,sovxozların briqada heyəti ilə söhbətlər aparmış və onlara öz tövsiyyələrini vermişdir. Həmçinin ulu öndər Heydər Əliyev Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun elmi təcrübə sahəsi ilə tanış olmuş, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitunun 50 illik yubileyində çıxış etmişdir.