Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Samux rayonu ölkəmizin şimal-qərb bölgəsində yerləşir. Gəncə-Qazax bölgəsinə və Orta-Kür iqtisadi rayonuna daxildir. İqlimi quru-kontinentaldır. Buranın yayı qızmar günəşli, qışı mülayim keçir.

Samux rayonunun ərazisi əsasən düzənlikdir. Bir hissəsi Kür çökəkliyinə, Ceyrançöl fiziki-coğrafi sahəsinə, Boz dağ massivinə düşməklə, quzeydən Alazan vadisi ilə əhatə olunmuşdur. Ərazisindən Kür, Qabırrı, Alazan (Qanıx), Gəncə və Qoşqar çayları keçir.

Samux rayonu Gəncə şəhəri, Göygöl, Şəmkir, Tovuz, Qax, Yevlax, Goranboy rayonları və Gürcüstan Respublikası ilə həmsərhəddir. Ərazisi 1455 kv.km-dir. Bölgənin 1686 hektar sahəsində “Eldar şamı qoruğu” yerləşir. Əhalisi 57,7 min nəfərdir. Ölkənin ən böyük aqrar rayonlarından birisidir. Samux rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatında üstün sahələr kimi bitikiçili məhsullarının istehsalı taxılçılıq, tərəvəzçilik, bostan və s.), üzümçülük, şərabçılıq, heyvandarlıq inkişaf etdirilir. Burada 2017-ci ildə “Yenikənd yarımstaniya”sı, “Aqroenerji yaşayış kompleksi” salınmışdır.

Samux haqqında ilkin məlumatlara hələ antik yunan və Roma mənbələrində Samunis, Samunida kimi rast gəlinir. Örnək: Ptolomeyin “Coğrafi təlimnamə” əsərində Samuxun adı Samunis kimi çəkilir. Osmanlı Başbakanlıq Arxivində qorunan “Gəncə Qarabağ əyalətinin müfəssəl dəftəri”ində, İ. Kovalevskiyin 1871-ci ildə tərtib etdiyi “Samux və Eldar ovalığının fiziki-coğrafi tarixi” və s. adlı mənbələrdə geniş məlumata rast gəlinir.

1931-cu il 24 noyabrda yaradılmış keçmiş Samux rayonu Azərbaycan SSR Ali Sovetinin 28 yanvar 1954-cü il tarixli qərarı ilə ləğv edilərək Səfərəliyev rayonuna birləşdirilmişdir. Səfərəliyev rayonu Azərbaycan SSR Ali Sovetinin 24 yanvar 1939-cu il tarixli 4 saylı qərarı ilə Kirovabad (hazırkı Gəncə) şəhərinin ərazisində yaradılmış, Azərbaycan SSR Ali Sovetinin 16 yanvar 1940-cı il tarixli 11 saylı qərarı ilə Kirovabad şəhər rayonlarının tərkibindən çıxarılaraq respublika rayonlarının tərkibinə daxil edilmişdir. 1948-ci ildən başlayaraq Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ərazisinin çox hissəsi su altında qalmış, Azərbaycan SSR Ali Sovetinin 4 dekabr 1959-cu il tarixli qərarı ilə Səfərəliyev rayonu müstəqil rayon kimi ləğv edilərək Gəncə şəhərinə birləşdirilmişdir. 1963-cü ilin yanvar ayından etibarən rayonunun ərazisi Xanlar (hazırda Göygöl rayonu) rayonunun tərkibinə daxil edilmişdir.

Samux rayonu Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 18 fevral 1992-ci il tarixli 72 saylı qərarı ilə olmaqla keçmiş Səfərəliyev rayonunun ərazisində təşkil edilmişdir. “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 13 iyun 2008-ci il tarixli Qanunu ilə Samux qəsəbəsinə şəhər statusu verilmişdir.