Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Heydər Əliyev Mərkəzləri müasir Azərbaycanın qurucusu, xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini əbədiləşdirən, onun xalqı üçün miras qoyduğu əbədiyaşar ideologiyasını təbliğ edən mədəniyyət ocaqlarıdır.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı ildə ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun ictimai-siyasi irsinin təbliği və tədqiqi məqsədi ilə respublikanın bölgələrində Heydər Əliyev Muzeyləri yaradılması ilə əlaqədar Sərəncam (1886 nömrəli) imzalaması nəticəsində bölgələrdə Heydər Əliyev Muzeyləri yaradıldı. Bununla da 2006-cı ildə Samux rayonunda Samux Heydər Əliyev Muzeyinin tikintisinə başlanmış və 2007-ci ilin 16 yanvarında istifadəyə verilmişdir. Sahəsi 160kv metr olan muzey ekspozisiya və konfrans salonlarından, 3 xidməti otaqdan ibarət olmuşdur. Ekspozisiya salonunda Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər öz əksini tapmışdır.

2008-ci ilin Mart ayının 3 də ölkə başçısı İlham Əliyev Samuxa səfəri çərçivəsində Heydər Əliyev Muzeyində olmuşdur.

Ümummilli liderin həyatı və ictimai-siyasi fəaliyyətinin tədqiqi və təbliği sahəsindəki xidmətləri, fəaliyyət dairələrinin geniş və çoxşaxəli olması nəzərə alınaraq bu tip muzeylər Mərkəzlərə çevrilməsi haqqında qərar verildi. Bununla bağlı olaraq 2012-ci ildə “Heydər Parkı” ərazisində sahəsi 1400kv metri əhatə edən yeni Heydər Əliyev Mərkəzinin tikintisinə başlandı. 2013-cü ilin 1 noyabr tarixində Samux rayon Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir.

Mərkəz ulu öndərin vətənini, xalqını sevmək kimi ölçüyəgəlməz, uzaqgörən fəaliyyətinin gənc nəsilə çatdırılması, önəmli xidmətlərinin aşılanmasında böyük rola malikdir. Burada Heydər Əliyevin irsinin tədqiqi o cümlədən ulu öndərin yaratdığı dövlətçilik məfkurəsinin təbliği ilə bağlı işlər görülür.

Samux rayon Heydər Əliyev Mərkəzində gənclərin vaxtlarını səmərəli keçirməsi üçün rəsm studiyası, qalereya, xarici dil öyrənmə otaqları, 45 nəfərlik 3D kinozal, akt zalı, virtual otaqlar, elektron kitabxana, informasiya otağı və s. müxtəlif təyinatlı otaqlar mövcuddur ki, muzey bölməsində ulu öndər Heydər Əliyevin uşaqlıq illərindən başlamış, hələ Sovetlər Birliyi dönəmindən edilən təzyiqlərə baxmayaraq ölkəmizin inkişaf etdirilməsində göstərdiyi xidmətlər, rayonumuza etdiyi səfərlər, həmçinin müstəqillik illərində ölkəmizin iqtisadi və siyasi baxımdan güclənərək inkişaf edən dünya dövlətləri sırasında yer alması üçün göstərdiyi fəaliyyətlərdən bəhs edən fotoşəkillər, sənədlər həmçinin ölkə başçısı İlham Əliyevin Samuxa səfərlərini əks etdirən fotolar, yerdə quraşdırılmış “Azərbaycanın dövlətçiliyi tarixi” adlı elektron xəritə nümayiş etdirilir.

Adları sadalanan digər təyinatlı otaqlarda məktəblilərin, gənclərin, tələbələrin həmçinin digər yaş təbəqəsindən olan bütün vətəndaşlarımıza bilik, bacarıq və digər cəhətlərini inkişaf etdirə bilmələri üçün Mərkəz tərəfindən təşkil edilmiş müxtəlif sərgilərdən, intellektual oyunlardan, müsabiqələrdən, tədbirlərdən, yarışmalardan yararlanmaları məqsədilə əlverişli mühit təşkil edilmişdir. Bu sıraya Mərkəzdə yaradılmış Samux rayon musiqi məktəblərinin (muğam, vokal, xor) və Samux rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi (bacarıqlı əllər və rəsm ) dərnəklərini də aid etmək olar.

Samux rayon Heydər Əliyev Mərkəzi öz fəaliyyətini müəyyən edilmiş qaydalar çərçivəsində Heydər Əliyev Mərkəzləri haqqında Əsasnaməyə, Mədəniyyət və Turizm Nazirliyinin tövsiyə və tapşırıqlara görə hazırlanmış Fəaliyyət Proqramı əsasında təşkil edərək, göstərilən sənədlərə uyğun “Mədəniyyət haqqında”, "Muzeylər haqqında” və digər qanunverici aktlara dayanaraq rayondakı dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində müxtəlif mədəni-kütləvi tədbirlərin həyata keçirilməsinin təminatçısı olur.