Salyan rayonu haqqında məlumat

Salyan rayonu haqqında məlumat

«Salyan»- sözünün etimologiyası haqqında müxtəlif mülahizələr vardır. Elmi tədqiqatlara əsasən demək olar ki, türk dilli tayfaların içərisində «sal» tayfası olmuşdur. Onlar bir zamanlar Volqaboyu sahillərdə yaşamış, həmin ərazidəki düzənliklərdən biri «Sal» düzənliyi adlanır. Bundan əlavə Şərqi Avropa düzənliklərindən axan Don çayının qollarından biri «Sal» çayı adlanır. Salyan yaşayış məntəqəsi keçmişdə bu ərazidə məskən salmış «Sal» tayfasının adını daşıyır.

Bir fakta əsasən Bizans tarixçisi Menandr 558-ci il hadisələrindən bəhs edərək «Sal» adlı hun tayfasının “Avar” adlı türk tayfa birləşməsi ilə Cənubi Rusiya çöllərində müharibələr apardığını yazır. Güman ki, salların müəyyən hissəsi avarlarla Azərbaycana gəlib məskunlaşmışdır. Bunu XIV əsr tarixçisi Həmdullah Qəzvinin Kür çayının mənsəbində bir şəhərinin «Abar» şəhəri adlandığını qeyd edilir. Salyan hələ XIII əsrdə diqqəti cəlb edəcək dərəcədə böyük yaşayış məntəqəsi olmuşdur. Nə vaxtdan salındığı dəqiq məlum deyil. Lakin bir məntəqə kimi XV əsrin ortalarına aid edilir. Şirvanşahların Muğan, Təbriz, İran şəhərləri ilə ticarət əlaqələri Salyandan keçmişdir.

XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçmişdir. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılırdı. XVIII əsrdə Salyanda Zərbxana olmuş və burada gümüş, mis pullar kəsilmişdir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın 12 minlik qoşunu Şamaxıya hücum edərkən müqavimət göstərdiyi üçün Salyanı talan edib dağıtmışdır. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibatı idarəçilik və mədəni mərkəzi oldu. XX əsrin əvvəllərində burada illik istehsal gücü 3-4 min tona çatan 3 xırda pambıqtəmizləmə müəssisəsi, kiçik istilik-elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana yaradılmışdır. Belə ki, 1863-cü il kameral siyahıya alınmadan aydın olur ki, şəhərdə 1292 ev, 10634 nəfər sakin olmuşdur. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə fəaliyyət göstərmişdir.

Bütün Cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1894-cü ildə Salyanda meteoroloji stansiya yaradılmışdır. Salyan həm də İpək yolu üstündə yerləşən bir ticarət mərkəzi olmuşdur. Hələ e. ə. II əsrdən etibarən Çin və Hindistandan gələn tacirlər indiki Türkmənbaşından (keçmiş Krasnavodsk) dəniz yolu ilə üzərək Kürün Xəzərə töküldüyü yerdən (indiki Bankə qəsəbəsi) Kürə keçib, üzərək bütün Azərbaycan ərazisindən, yəni həm də Salyandan keçərək Gürcüstandakı Rioni çayını keçib, buradan isə Qara dənizin sahilindəki Poti limanına çatmaqla Qara dənizə, oradan da Aral dənizinə keçirlərmiş. Salyan uzun müddət Muğanın və cənub – şərqi Muğanın maarif, mədəniyyət mərkəzi olmuşdur. 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi – 800 desyatin olmuşdur. Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. 1916-cı ildən şəhər hesab olunan Salyan 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu isə 1930-cu ildə yaradılıb.

Qədim tarixin izləri

Bəndovan

Azərbaycanın qədim xəritəsinə nəzər saldıqda orada onlarca şəhər adına rast gəlmək olar. Amma zamanın amansız gərdişləri nəticəsində hazırda onların bir çoxunun yalnız adları müxtəlif mənbələrdə qalır. Bəzilərinin isə hətta xarabalıqları bugünümüzə gəlib çatıb. Qədim məxəzlərə görə, Xəzər dənizi sahilində, indiki Salyan rayonunun ərazisin də Bəndovan adlı bir şəhər mövcud imiş. Bəndovan şəhərinin qalıqları hazırki Şirvan Milli Parkı ərazisindəki Bəndovan burnunda və Xəzər dənizinin bu yerlərdəki sahillərində aşkarlanıb. 1970-ci ildə ərazinin sahil hissəsi və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı müxtəlif tipli tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyalaarı, sikkələr və s. tapılıb. Dənizdən tapılmış qabların üzərində heyvan və quş şəkilləri var. Mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəyinə görə, ərazidən tapılan saxsı qab parçaları müxtəlif dövrlərə X-XVII əsrlərə, mis sikkələr isə XIV əsrin axırlarına aid olub Şirvanşahlar dövlətinə məxsusdur. Arxeoloji materiallar Bəndovanın XIX-XIII əsrlərdə yaşayış məskəni olduğunu söyləməyə imkan verir. A.Bakıxanov da hələ 1840-cı ildə Bəndovan ərazisində Sualtı şəhər qalıqlarının olduğunu qeyd edib.

Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi Bəndovan da sulara qərq olub.

Mahmudabad şəhəri və Qirxçıraq

Vaxtilə Xəzər dənizi yaxınlığında yerləşmiş, sonradan yoxa çıxmış şəhərlərdən biri də Mahmudabaddır. Qədim mənbələrdə adına tez-tez rast gəlinən bu şəhərin xarabalıqlarının axtarışına hələ keçən əsrdə başlanıb. Nəhayət 1980-cı illərdə arxeoloji axtarışlar nəticəsində müəyyən olunub ki, bu qədim şəhərin xarabalıqlarının bir hissəsi Salyan rayonu ərazisində, Bakı-Salyan şossesinin 117-ci kilometrindəki Qırxçıraq adlı qədim yaşayış məskənindədir. Şəhər Hülakü hökümdarlarından olan Sultan Mahmud Qazan xan tərəfindən salınıbmış. Tədqiqatlar zamanı Qırxçıraqdan yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərindəMahmudabad və Kuştasfi şəhərlərinin adlarına təsadüf olunur. Mahmudabad həmin dövrlərdə iri ticarət və inzibati mərkəz imiş. Tapıntılar onu da sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxana da var imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilirmiş.
Çay kənarında və qədim karvan yolu üstündə olması Qırxçırağın əhalisinin təsərrüfat və ticarət həyatına təsir göstərib.Yaşayış yerinin geniş ərazisində qalan seyrək süni təpəciklərdəki qalın kül təbəqələri Qırxçırağın yanğından məhv olduğunu göstərir. Teymurləngin və Şah İsmayıl Xətainin də bir zamanlar bu şəhərdə olmaları ilə bağlı deyilənlər sadalanan fikrləri təsdiq edir.

Kürsənginin dulusçuluq ənənələri

Salyan rayonunun Kürsəngi kəndi ərazisində tapılan arxeoloji tapıntılar tarixi kecmişi təsdiqləməklə yanaşı, həm də bu yerlərdə dulusçuluq sənətinin qədim köklərinin olmasına əyani sübutdur. Bu qədim yaşayış sahəsinin yaxınlığında yerləşən və el arasında “qırmızı kərpiclik” deyilən, yaşayış yerinin xarabalıqları indiyədək qalır. Aparılan araşdırmalar zamani ərazidə torpağın üst qatında dəmirçi emalatxanasının qalıqlarının, müxtəlif saxsı parçalarının, qırmızı kərpicdən tikilmiş evlərin qalıqlarının və bəzək əşyalarının üzə cıxması bu ərazinin qədimliyinin göstəriciliərindəndir. Bu isə həm də bizlərə əhalinin qədimdə sənətkarlığın hansı növü ilə daha çox məşğul olduğu barədə qiymətli məlumat verir.

Bütün bunlardan əlavə, səhih faktlarla məlumdur ki, müxtəlif zamanlarda Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.
İqtisadi inkişafı ilə əlaqədar bölgənin maarif və mədəni mərkəzklərindən olan Salyanda həm də yerli sakinlər arasında xalq sənətinin- xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik kimi növləri də geniş yayıldığı məlumdur.

Arxeoloji abidələr

Salyan rayonu ərazisində günümüzə qədər gəlib çıxan ölkə əhəmiyyətli 7 arxeoloji, 11 yerli əhəmiyyətli abidələr mövcuddur. Bu maddi mədəniyyət nümunələri tarixi kecmişimizə güzgü salmaqla ərazinin necə qədim olmasını və ulularımızın hansı şəraitdə yaşamasından xəbər verən qiymətli tapıntılardır.

Ölkə əhəmiyyətli arxeoloji abidələri

Birinci Babazanlı yaşayış yeri (e.ə.birinci minillik), Marışlı yaşayış yeri (XI-XV əsrlər), Marışlı nekropolu (e.ə II minillik), Kürsəngi küp qəbirləri nekropolu (e.ə II –e. III əsrlər), Mahmudabad yaşayış yeri, Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər), Noxudlu yaşayış yeri (e.ə II minillik).

Yerli əhəmiyyətli arxeoloji abidələr

Salyan yaşayış yeri (orta əsrlər), II Babazanlı yaşayış yeri (orta əsrlər), Qırxçıraq yaşayış yeri (orta əsrlər), Yuxarı Xalac yaşayış yeri (orta əsrlər), Bəndovan yaşayış yeri (orta əsrlər), Xurşud yaşayış yeri (orta əsrlər), Xurşud nekropolu (orta əsrlər), Arbatan yaşayış yeri (orta əsrlər), Şorsulu nekropolu (orta əsrlər), Bəydili yaşayış yeri (orta əsrlər), Qarabağlı yaşayış yeri (orta əsrlər).

Monumental abidələr

Ümummilli Lider Heydər Əliyevin heykəli

İctimai xadim, alim, tərcüməçi, böyük mütəfəkkir Əlibəy Hüseynzadənin heykəi

Xalq şairi Xəlil Rza Ulutürkün və oğlu Milli Qəhrəman Təbriz Xəlilbəylinin barelyefləri

Akademik Zərifəxanım Əliyevanın barelyefi

Din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi

Milli qəhrəmanNazimBabayevinbüstü

Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun büstü

“31 Mart soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə

“Şəhid Anası” abidəsi

20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə

Rayonumuzda və kəndlərdə 1941-1945-ci il faşizm üzərində “Qələbə günü” xatirəsinə ucaldılmış abidələr

Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə

Coğrafi mövqeyi

Salyan rayonu Azərbaycan Respublikasının paytaxtı Bakıdan Cənubda, Cənub-Şərqi Şirvan və Salyan düzündə, 49, 4° – 48, 8° Şərq uzunluğunda və 39,5° – 39,9° Şimal enliklərində yerləşir. Mərkəzi Salyan şəhəridir. Rayon Şimaldan Şirvan şəhəri, Hacıqabul rayonu, cənubdan Neftçala rayonu, qərbdən Biləsuvar və Sabirabad rayonları ilə, Şərqdən Bakı şəhərinin Qaradağ rayonu və kiçik sahədə Xəzər dənizi ilə həmsərhəddir. Ərazinin çox hissəsi okean səviyyəsindən – 26-28 metr aşağıda yerləşir. Səthi hamar, Xəzər dənizinə tərəf meyllidir. Rayon ərazisində neogen və antropogen çöküntüləri yayılmışdır. Əsasən düzənlikdir. Bir sıra tirə və təpəliklər (Babazanlı, Xıdırlı, Bəndovan və s.) vardır. Palçıq vulkanları Kalmas, Xıdırlı, Babazanlı və s. var. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Salyan rayonu ərazisində əsasən boz-qonur, boz, boz-çəmən, çəmən-bataqlıq, şoran torpaqlar yayılmışdır. Salyan ərazisindən keçən Kür çayı rayonu 2 hissəyə ayırır, şəhəri isə üç tərəfdən əhatə edir. Rayon TRASEKA (Qafqaz) nəqliyyat dəhlizinin keçdiyi ərazidə yerləşməsi onun coğrafi mövqeyini daha da əlverişli edir.

TƏBİƏTİ

Günəşli Azərbaycanımızın gözəl guşələrindən olan Salyan bitki örtüyü yarım səhra və səhra tiplidir. Rayonunun flora və faunası kifayət qədər rəngarəngdir. Onların nadir nümunələri Salyanda yerləşən Şirvan milli parkında qorunur. Əsasən ceyranların qorunması üçün nəzərdə tutulan milli parkda həm də qırmızıquyruq qumsiçanı, kiçik Asiya qumsiçanı, gürzə, kürən vağ, qaşqaldaq, kiçik qarabatdaq, böyük ağ vağ, ala ördək, yaşılbaş ördək, anqut, fitçi cürə, dalğıc, marek, ağquyruq dəniz qartalı, qamışlıq belibağlısı, ağquyruq çökük burun, cüllüt, qaratirinqa, çəmən və iri arıquşu, imperator qartalı, bülbül, bildirçin, kəklik, dovdaq, durna, torağayı, leylək, Suriya ağacdələni, qaratoyuq və s. heyvan və quş növləri vardır. Düzənlik ərazilərində canavar və çaqqala, Kür sahili ərazilərdə isə tülkü və vəhşi pişiklərə rast gəlinir. Kürsəngi və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında isə, müalicəvi əhəmiyyətli İstisu mövcuddur. Kür çayının sahilini Tuqay meşələri bəzəyir. Bala Kür (Aqquşa) çayının sahili səhərlər duman qalxanda çox mənzərəli olur. Dünyanın ən şor bulağı Şır-Şır da Salyandadır.

İQLİMİ

Salyan rayonunun yayı çox quraq keçən mülayim – isti, yarımsəhra və quru çöllər iqlimi var. Orta temperatur qışda 2,5, yayda isə 33,5 °C-dir. İllik yağıntı 250–400 mm-dir. İlin ən soyuq günləri yanvarın axırlarında (-1 °C, -5 °C), ən isti günləri isə avqustun axırı və sentyabrın əvvəlinə (43 °C) təsadüf edir. Salyanda qədimdən sentyabrın isti günlərinə “qora bişirən “, “ceyranı kölgəyə qaçıran “, “pambıq istisi” və bu kimi başqa adlar qoyulmuşdur.

Salyan Sovet hakimiyyəti illərində

1920-ci ilin aprel ayının 21-də Bakı Sovetinin rəhbərlərindən biri M. Əzizbəyov 240 nəfərlik dəstə ilə Salyana gəlir və dinc yolla burada Sovet hakimiyyəti qurulur. Salyanın sovet hakimiyyəti dövründə iqtisadiyyatı inkişaf etmişdir. Bu inkişaf ümummilli lider lider Heydər Əliyevin 1969-cu ildə Sovet Azərbaycanında rəhbərliyə gəlişindən sonra rayonda bir çox sənaye və sosial obyektlər tikilib istifadəyə verilmişdir. Plastik Kütlə Emalı, Elektrik Qaynaq Avadanlığı və Çörək zavodları, Taxıl Məhsulları Kombinatı həmin dövrdə tikilmiş obyektlərdir. Tarix-diyarşünaslıq muzeyi, mərkəzi kitabxana, peşə məktəbi, mərkəzi xəstəxana, kənd təsərrüfatı texnikumu, poçtamt, şəhər mehmanxanası və stadion, bir sıra səhiyyə müəssisələri sosial obyektlər kimi bu gün də vətəndaşların istifadəsindədir. Rayonda bir çox yaşayış massivləri salınıb.

Salyan müstəqillik dövründə

Respublikamız müstəqillik əldə etdikdən sonra,xüsusilə 1993-cü ildən etibarən Salyanın sosial-iqtisadi həyatı getdikcə inkişaf etməyə başlayıb. Son illərdə Salyanda sosial obyektlər tikilib istifadəyə verilmiş,vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Müasir Salyan planlı, 53 küçəsi olan abad şəhərdir.

Salyan rayonu

  • Tərkibi - 1 şəhər, 2 qəsəbə, 48 kənd
  • Ərazisi - 1,60 min kv.km
  • Əhalisi - 137,7 min nəfər
  • Əhalinin sıxlığı: -1 kv.km 86 nəfər
  • Salyan rayonu ilə Bakı şəhəri arasında olan məsafə -126 km
  • Salyan rayonunun telefon kodu - 0 163 (021)
  • Maşın seriyası - 52
  • Indeks:AZ5200