Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Sabirabad rayon Gənclər Mərkəzi

Sabirabad rayon Gənclər və İdman İdarəsi 1995 – ci ildə yaradılmışdır. İdarənin nəzdində Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Gənclər Mərkəzi 2 mərtəbəli müstəqil binada yerləşməklə 3500 kv.metr sahəni əhatə edir. Gənclər və İdman İdarəsi Sabirabad rayonu üzrə Gənclər və İdman siyasətini həyata keçirən dövlət qurumudur. Rayonda fəaliyyət göstərən gənclər və idman təşkilatları bu qurumun ətrafında fəaliyyət göstərir. 2008-ci ildə istifadəyə verilən, ölkə Prezidenti cənab İlham Əliyevin açılışında iştirak edən Gənclər Mərkəzi Sabirabad rayonuna xüsusi gözəllik verən tikililərdəndir. Burada konfrans salonu, kompyuter otağı, elektron kitabxana və vətənpərvərlik mövzusunda dərslərin keçirilməsi üçün otaqlar vardır.

Mərkəzin əsas məqsədi gənclərin maraqları üzrə müxtəlif təlimlərin, kursların təşkil edilməsi və gənclərin asudə vaxtlarını düzgün təşkil etməkdir. Gənclər Mərkəzinin nəzdində “Hünər” hərbi vətənpərvərlik klubu, “Xəmsə” milli intellektual oyunlar klubu, “Könüllülər” klubu fəaliyyət göstərməklə yanaşı, stolüstü tennis, bilyard salonları da gənclərə xidmət göstərir. Mərkəz müxtəlif vaxtlarda ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq edir.

Sabirabad rayon Gənclər və İdman İdarəsi rayonun ictimai-siyasi həyatında baş verən tədbirlərdə yaxından iştirak edir. İdarənin ən yadda qalan beynəlxalq tədbirləri isə 2015-ci il Bakı Avropa Oyunlarının “Alov festivalı”, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının “Su festivalı” olub. Sabirabad rayonunda keçirilən bu tədbirlərin idarə olunmasında könüllülərin fəaliyyəti diqqətə layiqdir.

Sabirabad Olimpiya İdman Kompleksi 2008-ci ildən fəaliyyətə başlamışdır. Hal-hazırda OİK-də futbol, voleybol, boks, cüdo, sərbəst və yunan roma güləşi, stolüstü tennis, üzgüçülük, karate idman növü fəaliyyət göstərir. Rayonun “Gənclik” futbol klubu 2017-ci ildə yaradılmış və hal- hazırda AFFA tərəfindən keçirilən “Region Liqası”nda oynayır.

Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəsmi internet səhifəsinə daxil olmaqla idarə ilə əlaqə yaratmaq və həyata keçirilən tədbirlərlə yaxından tanış olmaq olar. Idarənin facebook səhifəsi “ Sabirabad rayon Gənclər və İdman İdarəsi” adı ilə, web səhifəsi isə www.youthsport.az adlanır.