Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

1988 – ci ildə Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə başladı. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər Azərbaycanın əbədi və əzəli torpağı olan Dağlıq Qarabağı zorla Azərbaycandan qoparıb Ermənistana birləşməsi siyasətini bu günə qədər də davam etdirir. O vaxtki, savadsız, səriştəsiz rəhbərlərin iş bilməməzliyi nəticəsində Bakıda 1990 – cı il 20 Yanvar faciəsi baş verdi. Yüzlərlə günahsız insanlar qətlə yetirildi. Torpaqlarımızın 20% erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın təcavüzünün nəticəsində şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran, evlərimiz, mədəni – sərvətlərimiz düşmən tərəfindən talan edildi. Xalqımıza, dövlətimizə maddi – mənəvi ziyan vuruldu. Minlərlə Azərbaycan vətəndaşı şəhid oldu, əsir, girov götürüldü, itkin düşdü. Bir çoxlarının taleyi bu günə qədər də məlum deyil. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan əhalisinə psixoloji və iqtisadi, yaşayış və sənaye obyektlərinə, kənd təsərrüfatına ziyan vurulmuş, vandalizm aktları həyata keçirilmişdir. Xalqımıza qarşı soyqırım törədilmişdir. Nəticədə 1992 – ci il fevralın 25 – dən 26 – na keçən gecə XX əsrin ən dəhşətli faciələrindən biri, Xocalı Soyqırımı baş vermişdir. Ulu Öndər Heydər Əliyev bu barədə belə demişdir : " Amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağrılığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq.” Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq soydaşlarımız öz doğma yurd – yuvalarından, torpaqlarından didərgin düşmüş, qaçqın, məcburi köçkün olmuşlar. Qarabağ müharibəsinin izləri bizim rayonumuzdan da yan keçməmişdir. Azərbaycanın bütün qeyrətli oğulları kimi, torpaqlarımızın süverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda igid oğullarımız könüllü olaraq Qarabağda vuruşmuş və qəhrəmancasına şəhid olmuşlar. Rayonumuz Qarabağ müharibəsində 225 (17 itkin) şəhid vermiş, 150 nəfərdən yuxarı vətəndaşımız əlil olmuşdur. 3 nəfər həmyerlimiz ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Şəhidlərimiz bu qiymətli kəlamların təsiri ilə ruhlanaraq daha da şücaətlə vuruşmuşlar :

" Vətəni sevmək imandandır" (Məhəmməd Peyğəmbər).

Qoy cəbhədə qurban gedim mən əsgər,

Təki anam yadlara baş əyməsin.

Yağış kimi yağan odlu güllələr,

Mənə dəysin, Vətənimə dəyməsin. (S.Rüstəm )

Türk oğlu, türk oğluyam,

Millət, Vətən quluyam.

Düşmənin qarşısında,

Vətənin zor qoluyam. ( Z.Hacıbəyli )

Azərbaycanın Milli Qəhrəmanları – Mübariz Əhmədov, Fərhad Ağayev, Murad Mirzəyev.

Mübariz Əlizadə oğlu Əhmədov - 1963 – cü il yanvarın 1 – də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuşdur. Orta təhsilini Qaratəpə kənd beynəlmiləl orta məktəbində almışdır. M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. O, 1989 – cu ildə Qarabağın müdafiəsinə yollanan ilk sabirabadlı olmuşdur. Ağdamda bölük komandiri kimi düşmənlə döyüşdə dəfələrlə hünər göstərmişdir. Dovşanlı, Xramurt, Qazançı, Əsgəran, Pircamal, Aranzəminli, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal – Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa döyüşlərində mərdliklə vuruşmuşdur. Mübariz Əhmədov 1992 – ci il sentyabrın 24 – də Abdal – Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994 – cü il tarixli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Mübariz Əhmədov Qaratəpə kəndində dəfn edilmiş, Şəhidlər Xiyabanında isə büstü ucaldılmışdır.

Fərhad İslam oğlu Ağayev - 1975 – ci il avqustun 4 – də Sabirabad rayonunun Əlillənbəyli kəndində anadan olmuşdur. 1992 – ci ildə həmin kənddə orta təhsilini başa vurmuşdur. 1993 – cü ilin oktyabrında hərbi xidmətə çağırılmışdır. 1994 - cü ilin yanvarında Füzuli rayonun Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Murovdağ, Güzgü adlanan müdafiə əhəmiyyətli yerlərdə göstərdiyi şücaəti ilə seçilmişdir. 1995 – ci il martın 15 – də Ağstafa rayonunda dövlət çevrilişinə cəhd göstərənlərin gülləsinə tuş gəlmişdir. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995 – ci il tarixli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Rayonun Şəhidlər Xiyabanında dəfn olunmuş və büstü ucaldılmışdır. Vaxtı ilə təhsil aldığı Əlilənbəyli kənd tam orta məktəbi onun adını daşıyir.

2016 - cı il aprelin 2 – dən etibarən erməni silahlı qüvvələri təxribata əl ataraq işğal olunmuş ərazilərimizdən cəbhəboyu ordumuzun mövqelərinə hücuma keçdilər. Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuzun qüdrəti sayəsində düşmənə sarsıdıcı zərbə vuruldu, onlara layiqli cavab verildi. Düşmən ağır itkilərə məruz qaldı. Silahlı qüvvələrimiz təmas xəttində üstünlüklərini daha da möhkəmləndirdilər. Düşmən təxribatı zamanı Azərbaycan tərəfindən də, itki olmuşdur. Şəhid olanlar arasında həmyerlilərimiz Murad Telman oğlu Mirzəyev və Rizvan Telman oğlu Muradovdur. Ermənilərin təxribatına qarşı keçırılən hərbi əməliyyatlarda,Talış kəndi ətrafında Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant Murad Mirzəyev doyüş tapşırığını yerinə yetirərkən çox böyük şücaət və igidlik göstərərək, komandiri olduğu qrup ilə birlikdə yüzlərlə ermənini məhv edərək və tutduğu mövqeyi bir addım belə tərk etmədən son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuşdur. Murad Mirzəyev 11 aprel 2016-cı ildə Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. 1998 – ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Rumınya, İordaniya kimi ölkələrdə təlimlər keçmişdir. Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik – leytenantı idi. Azərbaycan Respublikası Prezidenti, Silahlı Quvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə Murad Telman oğlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqını yerinə yetirərkən göstərdiyi şəxsı igidliyə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Onu da qeyd edək ki, Sabirabad Dövlət Sosial İqtisadi Kollecinə Milli Qəhrəman Murad Telman oğlu Mirzəyevin adının veriməsi barədə məsələ qaldırılmışdır.

Şəhid Rizvan Muradov 1996 – cı ildə Sabirabad rayonunun Çiçəkli kəndində anadan olmuşdur. Rizvan Muradov Tərtər istiqamətində şəhid olmuşdur. O, 2015 – ci ilin oktyabr ayında Sabirabad rayonundan həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Rizvan Muradov 2016 – cı il aprelin 4 – də Çiçəkli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Şəhid adının əbədiləşdirilməsi məqsədilə rayonun bir neçə küçəsinə və orta məktəblərə Vətən uğrunda canından keçən şəhidlərimizin adları verilmişdir. 20 Yanvar faciəsində şəhid olmuş Zəbulla Xeyrulla oğlu Əliyevin (1946 – 1990) və Mehman Sahibəli oğlu Məmmədovun ( 1971 – 1990), Qarabağ müharibəsində şəhid olmuş Heydər Rza oğlu Həmidovun, Eldar Qəmbərovun, Mehdi Rəhimovun, Ağadadaş Ağayevin, Həsən Ağayevin, Vüqar Əhmədovun, Eynulla Nadirovun, Elşən Qasımovun, Vahid Məmmədovun adlarını qeyd edə bilərik.

1 saylı şəhər Uşaq baxçası Şəhid Qulam İsmayılovun adını daşıyır.

Bulaqlı kənd orta məktəbi Vüqar Əhmədovun adını daşıyır.

8 saylı şəhər orta məktəb Şəhid Eynulla Nadirovun adını daşıyir.

4 nəfər “ Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşlar. Onlardan 3 nəfəri şəhid olmuş, biri isə həyatdadır:

1. Daşqın Əhmədov (Ulacalı kəndi ).

2. Maqsud Daşdıyev ( Muradbəyli kəndi ).

3. Yalçın Qəhrəmanov (Qaratəpə kəndi ).

4. Sərvər Rəcəbov (Axısxa, sağdır ).

19 yaşında Zakir və 26 yaşında Vaqif Fərzəliyev qardaşları bir gündə şəhid olublar. ( 21 aprel 1994 ). Rayon Bələdiyyəsinin nəzdində olan parkların birində Zakir və Vaqif Fərzəliyev qardaşlarının büstü ucaldılmışdır.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsindən danışarkən Ulu Öndərin cəsarəti, uzaqgörənliyi nəticəsində 1994 - cü ildə əldə olunmuş atəşkəsə əməl olunma xüsusilə qeyd edilməlidir.