Rayon haqqında məlumat

Rayon haqqında məlumat

Muğanın tarixi əsrlərə söykənir. Bu ərazinin böyük bir hissəsi təşkil edən Sabirabadda aparılan elmi araşdırmalar bu yerlərin qədim yaşayış məskəni olduğunu sübut etmişdir. Arxeoloji qazıntılar zamanı rayonun Cavad, Qalaqayın, Əlillənbəyli, Surra, Qaraqaşlı və digər yaşayış yerlərində tapılan müxtəlif tarixi dövrlərə aid çoxsaylı maddi – mədəniyyət qalıqlarlarının böyük bir hissəsi rayonun Tarix-diyarşünaslıq muzeyində saxlanılır.

Sabirabadın ilkin adı Qalaqayın olmuşdur. Bu ad "Kitabi-Dədə-Qorqud"dan qalmadır. Qalaqayın sözünün mənası möhkəmlik deməkdir. Hətta el arasında "Səni görüm qeyim qədim olasan" duası " Dədə-Qorqud"dan qalma Qalaqayın adı ilə bağlı olub çox yaşamaq, möhkəm olmaq mənasını verir. Qalaqayın sözunun digər variantlarıda mövcuddur. Deyilənə görə rayon bir müddət Həcəridə adlandırılmışdır. Sabirabad vaxtilə ticarət mərkəzi olduğu üçün İrandan, Həştərxandan və s. yerlərdən dəvələr, gəmilər vasitəsi ilə tacirlər gəlib gedərmişlər. Bu yerlər çox isti olduğu üçün İran tacirləri buranı Xavərzəmin (fars dilindən tərcümədə Günəşli yer) adlandırmışlar.

Sabirabad müxtəlif adlarla Muğan vilayətinin tərkibində olduğundan tarixi mənbələrdə ayrıca xatırlanmır. Yalnız XVI əsrin yazılı mənbələrində Cavad şəhərinin adı çəkilir. XVIII əsrin ortalarından isə Cavad xanlığının yaranması ilə bu ad tarixi mənbələrdə daha da möhkəmlənir. Azərbaycanın ruslar tərəfindən işğalından sonra burada yeni idarə üsulu yaradılmışdır. 1868 – ci ildə Bakı quberniyası tərkibində Cavad qəzası təşkil olunmuş, 1888 – ci ildə Cavad Petropavlovka adlandırılmışdır. Yalnız 1930 – cu ildə Azərbaycan SSR – nin yeni inzibati ərazi bölgüsü aparıldıqdan sonra 1931 – ci ilin oktyabrın 7 – də Petropavlovka Azərbaycanın satirik şairi M.Ə.Sabirin şərəfinə Sabirabad adlandırılmışdır.

Sabirabadın ötən əsrin 70 – ci illərindən başlayan dirçəlişi və inkişafı xalqımızın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlıdır. Sabirabad bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı və dinamik inkişaf yolundadır. Sabirabad rayonu Muğan düzənliyinin şimalında, Kür və Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Sahəsi 1469,7km2, əhalisi 176685 min nəfərdir, Bakı şəhərindən 170 km məsafədə, okean səviyyəsindən 12 m aşağıda yerləşir. 7 rayonla 346 km həmsərhəddir. Rayon şimaldan Kürdəmir rayonu ilə 46 km, şimal – şərqdən Hacıqabul rayonu ilə 80 km, şərqdən Şirvan şəhəri ilə 7 km, cənub – şərqdən Salyan rayonu ilə 64 km, cənubdan Biləsuvar rayonu ilə 22 km, qərbdən Saatlı ilə 118 km və İmişli rayonu ilə 9 km qonşudur. Rayonun ərazisinin bir hissəsi Kür hissəsi sağ sahilində yerləşən Muğan düzündə, digər hissəsi isə Kür çayının sol sahilində Şirvan düzündə, 4 kənd isə Mil düzündə yerləşir.

Muğanın çox zəngin tarixi var. Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Abdulian, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında Ağ – qoyunqışlaq yeri, Sığırlı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba – Samid piri müxtəlif tarixi dövrlərə aiddir.

70 – ci illərin əvvəllərində Sabirabadın təsərrüfatları dirçəlməyə başladı. Suvarmanın düzgün təşkili məhsuldarlığın artmasına geniş imkanlar açdı. Pambıqçılığın inkişafı kifayət qədər yüksəldi. 1974 – 1980 – illərdə tarlalardan 80 – 110 min ton pambıq yığılırdı. Pambıqçılıqda məhsuldarlığın yüksəlməsi əhalinin gəlirinin artmasına da həlledici təsir göstərdi. 1975 – ci ildə Sabirabad rayonu üzrə əldə edilən gəlir 17317 min manat, 1980 – ci ildə 21749 min manat, 1981 – ci ildə 33201 min manat olmuşdur.

80 - ci illərin əvvəllərində Sabirabadda 24 kolxoz var idi. Statistikadan göründüyü kimi, Sabirabadın dirçəlişi 70 – 80 – ci illərə aiddir. Bu da Azərbaycan KP MK – nın Birinci katibi Heydər Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Həmin illərdə Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1976 – cı ildə Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir : “ Mən hər il Sabirabada gəlirəm. Bu onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir".

Ulu Öndər Heydər Əliyev Müstəqillik dövründə 1998 – ci ildə növbəti dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalaqayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda uca səslə dedi : “ Mən hər dəfə Sabirabada gələndə bu diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib”.

Sabirabad rayonunun dirçəlişi və inkişafı xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

2003 – cü il oktyabrın 7 – də İlham Əliyev Respublikanın Baş Naziri kimi sabirabadlılarla görüşdü. O, çox böyük hərarətlə qarşılandı, çıxışı dəfələrlə alqışlandı. İlham Əliyev Heydər Əliyevin Sabirabada hörmət və məhəbbətindən danışdı və bu torpağa, bu zəhmətsevər insanlara böyük sevgisi olduğunu xüsusi vurğuladı. Elə oradaca rayonun ziyalıları adından edilən xahişə cavab olaraq Sabirabadda Olimpiya İdman Kompleksinin tikintisi üçün bütün zəruri tədbirləri görəcəyini vəd etdi. Sabirabad rayonunda 2003 – cü il oktyabrın 12 – də prezident seçkiləri çox mütəşəkkil keçdi. Əhali dahi rəhbərin “Mən ona özüm qədər inanıram”, “ Mənim sona çatdıra bilmədiyim işləri sizin köməyinizlə, İlham Əliyev başa çatdıracaqdır” kəlamları əhalidə böyük ruh yüksəkliyi yaratdı. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyev yekdilliklə prezident seçildi.

Sabirabadlılar 2010 – cu ilin mayında təbii fəlakətlə üzləşəndə ölkə rəhbərinin fədakarlığının bir daha şahidi oldular. Həmin gərgin günlərdə Azərbaycan Respublikasında Prezident cənab İlham Əliyevin rəhbərliyi altında fövqəladə müşavirənin keçirilməsi, ölkənin bütün icra strukturlarının subasmaya qarşı mütəşəkkil mübarizəyə səfərbər edilməsi fəlakətin miqyasını azaltdı. Möhtərəm Prezidentimizin daşqın nəticəsində ev – eşiyindən didərgin düşüb Şirvan şəhərində çadırlarda yaşayan rayonumuzun sakinləri ilə görüşməsi, onların istək və arzularını dinləməsi, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlar verməsi hər bir sabirabadlıda böyük ruh yüksəkliyi yaratdı. Əhalinin ən çətin anlarında dövlət başçısı onlara dayaq durdu, dərdlərinə şərik çıxdı, bütün zəruri köməkliyin göstərilməsini təmin etdi. Prezidentin böyük təşkilatçılığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı. Cənab Prezident daşqının nəticələrinin aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün həmin ilin noyabrın 1- də Sabirabada səfər etdi.

Sabirabad rayonu elm, mədəniyyət, səhiyyə və idman sahəsində tanınmış və görkəmli şəxsiyyətlər yetirmişdir. Bunlardan elm sahəsində - Akademik Böyükkişi Ağayev, iqtisad elmləri nazimədi Bəybəla Xankişiyev, professor, pediatr, 104 elmi əsəri, o cümlədən 2 monoqrafiyanın, 4 metodik tövsiyyənin müəllifi Asif Abdullayev, tibb elmləri doktoru, professor Məmməd Nəsirov və başqaları.

Mədəniyyət sahəsində - Azərbaycanın ilk müğənni qadını Sabirabaddan Mirzə Güllər adlı bir qız olub. Atası oxumağa qoymadığı üçün evdən qaçıb müğənnilik edib. Onun haqqında Möhməddin Səməd "Nağıllar yalan olmur" hekayəsini yazıb. XIX əsrin sonunda Varşavada onun səsi vala yazılıb. SSRİ və Azərbaycan SSR- in xalq artisti Lütfiyar İmanov, Əməkdar artist Azər Mirzəyev, Aşıq Ülkər, xanəndə Mirələm Cəfərov, gənclər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə pianoda gözəl ifaçılıq qabiliyyətinə görə 14 yaşlı Aqşin İsmayılovun adı “Gənc istedadların Qızıl kitabı”na yazılmış və o, Prezidentin aylıq təqaüdünə layiq görülmüşdür.

İdman sahəsində - Dünya və Avropa birinciliyi yarışlarının gümüş və qızıl medallarına layiq görülmüş Ramiz Məmmədov, Respublika Pankration Federasiyasının prezidenti Azad Əsgərov, 1988 – ci ildə gənclər arasında SSRİ birinciliyi yarışlarında ikinci dəfə qızıl medala layiq görülmüş Şahin Abbasov, 30 ilə yaxın idmanın ağırlıq qaldırma növü ilə məşğul olan və dəfələrlə Azərbaycan çempionu olmuş Beytulla Babayev və başqaları.