M. Hadinin 140 illik yubileyi

M. Hadinin 140 illik yubileyi

19 fevral 2020-ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə V. Əsgərov adına Saatlı şəhər 4№-li tam orta məktəbdə M. Hadinin 140 illik yubileyi ilə əlaqədar tədbir təşkil olundu. Tədbirdə Heydər Əliyev mərkəzinin əməkdaşları və V. Əsgərov adına Saatlı şəhər 4№-li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva şagirdlərə Məhəmməd Hadinin həyat və yaradıcılıqlarından danışdı. Məhəmməd (Ağaməhəmməd) Əbdüssəlimzadə Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində doğulmuşdur. İlk təhsilini məhəllə mədrəsəsində Molla Abbas adlı müəllimdən almış, sonra Abbas Səhhətin atası Hacı Əlabbasın məktəbində oxumuşdur. Atası Hacı Əbdussəlim el arasında nüfuz sahibi olan tacir idi. Gələcək şair 9 yaşında ikən atadan yetim qalmışdır. Anası onu və bacılarını atıb başqa ərə getmiş, bu taleyüklü hadisə gələcək şairi anadan da yetim qoymuşdur. Nəcib və xeyirxah nənəsi Teyyibə xanım Hadini və bacıları Sahibə ilə Əsmanı öz qanadı altına alaraq yuvaları dağılmış körpələrə bütün dərdlərini, matəmlərini unutdurmağa çalışmışdır. Bu, dindar, mərd və iradəli qadın yeganə oğul nəvəsini bilikli, savadlı bir ruhani kimi böyütməyə çalışır, bu münasibətlə Ağaməhəmməd ərəbcə oxutdururdu. Uşaqlar da öz əziz nənələrini çox sevirdilər. Lakin amansız fələk bunu da onlara çox görür. Uşaqlıq çağlarından etibarən başına gələn fəlakətlər onu sarsıtmış, acı düşüncələrə, ağır mühakiməyə daldırmış, Ağaməhəmmədə ətrafındakı insanlara etimadsızlıq duyğuları aşılamış, onu yaşadığı mühitdən bezdirmişdi. Bunlar azmış kimi, sevgilisi hər ikisinin iradəsi xilafına varlı-karlı bir tacirə ərə verildikdən sonra çox böyük mənəvi sarsıntılar yaşayan Hadi elə uşaqlıq çağlarından hərarətindən məhrum olduğu ailə səadətindən kənarda qalmış, ilk məhəbbətinin oxu daşa dəyən şair «bundan sonra heç kəsə könül verməmiş, ömrünün axırına qədər evlənməmişdi. Bəlkə də elə buna görə Hadinin yaradıcılığında ilk məhəbbətə, qənirsiz gözəllərə, intim münasibətlərə, ümumiyyətlə sevgiyə dair əsərlərə rast gəlmək olmur. O, bütün istedadını ictimai-siyasi, bəşəri problemlərin, vətən və xalq taleyinin təhlilinə dair əsərlər yazmağa həsr etmiş, məhz bu məsələləri özünün başlıca yaradıcılıq istiqaməti kimi qəbul edərək nakam ömrünün sonuna qədər həmin amala sadiq qalmışdır. Bu, nəinki XX əsr Azərbaycan şeirində, ümumiyyətlə poeziya tarixində çox nadir hadisələrdən biridir. Daha sonra çıxış edən V. Əsgərov adına Saatlı şəhər 4№-li tam orta məktəbin tarix müəllimi Ayşən Seyidova M. Hadinin əsərlərinin sosial yönümlü tərəfindən bəhs etdi.