Qanlı və Şanlı yanvar

Qanlı və Şanlı yanvar

17 yanvar 2020 – ci il tarixdə Saatlı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev Mərkəzi, ailə, qadın və uşaqlara dəstək komitəsi, Bülbül adına uşaq musiqi məktəbi və Rəsm qalareyasının birgə təşkilatçılığı ilə 20 yanvar faciəsinin 30 – cu ildönümü ilə bağlı “Qanlı və Şanlı Yanvar” mövzusunda tədbir təşkil olundu. Tədbir açıq elan olunduqdan sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra iştirakçılara ətraflı məlumat verilməsi üçün Saatlı rayon 2№-li tam orta məktəbin tarix müəllimi Elnur Hümbətova söz verildi. Elnur müəllim o dəhşətli gecə də baş verənlər və onu törədənlərin məqsədinin nə olduğu barədə ətraflı məlumat verdi. Qara yanvar, bəzən qanlı yanvar və ya 20 yanvar faciəsi kimi qeyd olunur — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər. Lakin, o gecə hər nə qədər faciəvi hadisələr baş versə də, bir baxımdan da 20 yanvar gecəsi həmçinin xalqımızın qəhramanlıq salnaməsi kimi də dəyərləndirilməlidir. Çünki silahlı birləşmələrə qarşı əli yalın, dinc xalq silahsız olmasına baxmayaraq qorxmadan, çəkinmədən öz azadlıqlarını, dəyərlərini qorumaq naminə qan içən ordunun qarşısına çıxdılar. Daha sonra çıxış üçün söz Saatlı RİH-nin əməkdaşı Mehriban Ağayeva verildi. Mehriban xanım çıxış edərək 30 il əvvəl baş verən hadisələri yad edərək bu məlumatların gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin təşkil olunmasının vacibliyini vurğuladı. Çətin bir tarixi dönəmdən keçən və bu gün inamla inkişaf edən ölkəmizdə aparılan uğurlu islahatların inkişafa göstərdiyi təsirdən bəhs etdi.