Rayon haqqında məlumat

Saatlı etnonimi 14-cü əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, bir hissəsi isə 1795-1798-ci illərdə Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saqatlı, Saatlu tayfasının etnik adıdır.

Azərbaycan Respublikasında inzibati rayon olan, Kür-Araz ovalığının, Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü il 25 mayda Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Rayonun əhalisi 107151 nəfər, əhalinin orta sıxlığı 1 kv.km-ə 89 nəfər təşkil edir. Ərazisi 1,18 min kv. km- dir. Rayonda 1 şəhər, 43 kənd vardır ki, bunlar da 36 inzibati ərazi dairəsində birləşmişdir. Şəhər və kənd yaşayış məntəqələri daxil olmaqla rayonda ümumilikdə 36 bələdiyyə fəaliyyət göstərir. Mərkəzi Saatlı şəhəridir.

Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxan, Əlisoltanlı kəndlərində e. ə. 3-2-ci minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55 ədədi nəqqaşlıq, 127 ədədi ədəbi-tətbiqi incəsənət məmulatı, 1890 ədədi arxeoloji əşyalar, 531 ədədi məişət və etnoqrafiya əşyaları, 2279 ədədi müxtəlif fotoşəkillər, 412 ədədi qiymətli sənədlər, 4077 ədədi isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarına əsasən rayon ərazisində Cəfərxan nekropolu, Keçiqıran küp qəbirləri nekropolu, Azadkənd nekropolu, 3 ədəd Qaralar nekropolu, Muğan nekropolu, Abasbəyli nekropolu və Məmmədabad nekropolu olmaqla ümumilikdə 9 arxeoloji abidə mühafizə olunur. Yayı quraq keçən Saatlı rayonunun mülayim-isti, yarımsəhra və quru çöl iqlimi var. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Saatlı rayonu ərazisində Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Rəsm Qalereyası, Bülbül adına uşaq-musiqi məktəbi, Bayraq muzeyi, Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, həmçinin 52 kitabxana, 14 klub, 5 mədəniyyət evi, 2 diyarşünaslıq evi, 2 folklor evi və 1 yaradıcılıq evi fəaliyyət göstərir.