Oğuz rayonunda yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirilmişdir.

Oğuz rayonunda yüksək balla ali məktəbə daxil olmuş məzunlarla görüş keçirilmişdir.
03 sentyabr 2019-cu il tarixdə “Məzunlarla görüş” tədbiri keçirilmişdir. Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, Uşaq və Qadın Problemləri Komitəsinin sədri, professor Aqiyə xanım Naxçıvanlı iştirak edib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun inzibati orqanları, müxtəlif idarə müəssisələrinin, təşkilatlarının, təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, ali məktəblərə qəbul imtahanlarında 500-700 ballıq nəticə göstərmiş məzunlar və onların valideynləri də iştirak etmişlər. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək 2018-2019-cu dərs ilində rayon üzrə nəticələr barədə məlumat verdi. XI sinfi 455 nəfər məzun bitirib, onlardan 212 nəfəri respublikanın ali məktəblərinə daxil olmuş və 205 nəfəri isə bu ilki məzunlardır. Ali məktəbə sənəd verənlərin 57,9 faizi, bu il orta məktəbi bitirən məzunlarımızın isə 45 faizi tələbə adını qazanmış, 93 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Tələbələrdən 141 nəfəri və ya 66,5 faizi ödənişsiz ixtisaslar üzrə, 71 nəfəri və ya 33,5 faizi ödənişli ixtisaslar üzrə oxumaq hüququ qazanmışdır. Əvvəlki illə müqayisədə ödənişsiz ixtisaslara qəbul olunanların sayı 7 faiz artmışdır. Ali məktəblərə qəbul olanlardan 41 nəfəri 500-700 bal arasında, o cümlədən, 6 nəfər 600-dən yuxarı bal toplamışlar. Təhsil Nazirliyinin əmrinə əsasən bu il ilk dəfə fənn olimpiadalarında medal qazanan məktəblilər seçdikləri ali məktəbə imtahansız qəbul olunmaq imkanı əldə etmişlər. Son dərs ilində bu imkanı qazanan 2 məktəblimizdən biri bu hüquqdan istifadə etmiş, digəri isə qəbul imtahanında topladığı bala əsasən tələbə adını qazanmışdır. Rayonun şəhər 1 və 3 nömrəli, Xaçmaz kənd 1 və 2 nömrəli, Calut, Bayan, Kərimli, Padar, Ərmənət, Tərkeş, Tayıflı, Yaqublu, Baş Daşağıl kənd tam orta məktəblərinin göstəriciləri daha yüksək olmuşdur. Tədbirin gedişində Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin direktoru Eyvaz Hacıyev, yüksək bal toplayan məzunun valideyni Ayaz Əliyev çıxış edərək ürək sözlərini bildirmişdir. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov və Millət vəkili xanım Aqiyə Naxçıvanlı çıxış edərək tələbələri təbrik etmiş, tövsiyələrini bildirmiş və daha sonra respublika və rayon müsabiqələrində fərqlənmiş pedaqoji işçilər və ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunları, həmçinin, rayon üzrə 654 bal toplayaraq ən yüksək nəticə göstərən şəhər 1 nömrəli məktəbin məzunu Allahverdizadə Rəfiqə Mustafa qızını da mükafatlandırmışlar. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.