Heydər Əliyev və Oğuz

Heydər Əliyev və Oğuz

Ölkəmizin hər bir bölgəsi kimi Oğuz rayonu da hər zaman Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə edilmişdir. Uu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə Oğuzda bir çox işlər görülmüşdür. 1979-cu ildə Xaçmaz kəndində birtipli layihə əsasında yeni məktəb binaları tikilmiş, Oğuz qəsəbəsində 7 illik musiqi məktəbi fəaliyyətə başlamışdır. 1974-cü ildə Oğuz şəhərində Uşaq-Gənclər İdman Məktəbi açılmışdı. İdman məktəbində 15 qrupda 185 şagird məşğul olurdu. 1975-ci ildə Bayan kəndində 143 nömrəli texniki peşə məktəbi açılmışdır. Oğuz şəhərində 1984-cü ildə şahmat məktəbi, 1985-ci ildə gənc texniklər, 1987-ci ildə isə gənc təbiətçilər stansiyaları fəaliyyətə başlamışdı. 1988-ci ildə Padar kəndində 504 yerlik, Oğuz şəhərində 1176 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Tayıflı və Ərmənət kənd məktəbləri orta məktəblərə çevrilmişdir. 1981-ci ildə rayonda ilk Tarix-diyarşünüslıq muzeyi yaradılmışdır.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə Oğuz rayonunda iqtisadiyyat, dövlət idarəçiliyi, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan insanların əməyini hər zaman qiymətləndirilmişdir. Oğuz rayonunun Kərimli kəndində anadan olmuş, 1961-ci ildə Bakı Ali Partiya məktəbini, 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmiş Aslan Yunis oğlu Nəsibova “Lenin”, “Oktyabr İnqilabı”, “Şərəf nişanı” ordenləri, “Əməkdə fərqlənməyə görə” medalı, həmçinin Azərbaycan SSR və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində verilmişdir. Qeyd edək ki, Aslan Nəsibov 1957-1961-ci illərdə Bakı Ali Partiya Məktəbində oxumuşdur. 1961-1962-ci illərdə Artyom Rayon Partiya Komitəsinin Təlimatçısı, 1962-63-cü illərdə Əzizbəyov Rayon Partiya Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1963-1969-cu illərdə Bakı şəhər Partiya Komitəsində təlimatçı, 1968-1969-cu illərdə Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavinin, 1969-1972-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, inspektor işləmişdir. 1972-1983-cü illərdə Dəvəçi və Xaçmaz rayon partiya komitələrinin birinci katibi, 1983-1988-ci illərdə Tovuz rayon Partiya Komitəsinin birinci katibi, 1988-1991-ci illərdə V.İ.Lenin adına mərkəzi muzeyin Bakı filialı direktorunun müavini,1983-cü ildə Azərbaycan KPMK yanında Partiya Nəzarəti Komitəsinin üzvü, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatında birinci dərəcəli mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışdır. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarında Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

Oğuz rayonunun Xaçmaz kəndində doğulmuş İslamov Bəxtiyar Cuma oğlu 1958-ci ildə Azərbaycan LKGİ Oğuz rayon komitəsinin katibi, 1959-cu ildə ikinci katib, 1960-cı ildə birinci katibi seçilmişdir. 1965-ci ilin sentyabr ayına kimi rayon komsomol təşkilatına rəhbərlik etmişdir. Sonra rayon partiya komitəsinin II katibi seçilmişdir. Həmin vəzifədə 1972-ci ilin avqust ayına kimi çalışmışdır. 1972-ci ilin avqust ayında Oğuz rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 1978-1985-ci illərdə Oğuz rayon Partiya Komitəsinin birinci katibi, 1985-1991-ci illərdə Balakən rayon Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1991-ci ildə Xanlar Rayon Partiya Komitəsinin birinci katibi, struktur dəyişikliklərindən sonra Xanlar Rayon Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1991-ci ildə Qəbələ Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş, ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində B.C.İslamov “Qırmızı Əmək Bayrağı”, “Xalqlar dostluğu” ordenləri və medallarla təltif olunmuşdur.

1967-ci ildə Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, Hərbi qulluğu Pribaltika və Zaqafqaziya hərbi dairələrində, Sovet qoşunlarının cənub qrupunda (Macarıstan Xalq Respublikası ərazisində), Leninqrad və Orta Asiya hərbi dairələrində; Şimal qrup qoşunlarında (Polşa Xalq Respublikası ərazisində) keçirmiş, Alay tibb xidməti rəisi, ordu tibb şöbəsinin baş toksikoloq-radioloqu, ordu tibb şöbəsinin uçuşların tibb təminatı üzrə baş zabiti və aviasiya diviziyasının tibb xidməti vəzifələrində çalışmış Oğuz rayonunun Baş Daşağıl kəndində doğulmuş Cəmaləddin Zivər oğlu Məmmədov da Dahi lider Heydər Əliyevin diqqət və qayğısından kənarda qalmamışdır. Orduda xidmətlərinə görə 15 medalla təltif edilmişdir. SSRİ Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə kosmonavtların seçim komissiyasının üzvü olmuşdur. 1992-ci ildə Sovet ordusu sıralarından tərxis olunaraq Azərbaycana qayıdan Cəmaləddin Məmmədov 2006-cı ilə qədər Azərbaycan Republikası Silahlı Qüvvələrində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının tibb xidmətini təşkil etmiş və tibb xidmətinin rəisi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə yaradılmış Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsirini öyrənən monitorinq komissiyasının üzvü seçilmişdir.

Oğuz rayonunun Baş Daşağıl kəndində fəhlə ailəsində anadan olmuş Səmədov Baba Səməd oğlu fəal mexanizator kimi irəli çəkilmiş,1968-ci ildən Sov.İKP-nın sıralarına qəbul olunmuşdur. 1975-ci ildən Şəki şəhər partiya komitəsinin üzvü olmuş, həmin ildən Azərbaycan SSR.Ali Sovetinin deputatı seçilmişdir. Sov.İkp-nın XXV, XXVI və XXVII, Azərbaycan KP-nın XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi olmuşdur. 1970- ci ildə Lenin yubiley medalı, 1972-ci ildə Lenin ordeni ilə təltif edilmiş, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı almışdır. Sovet İttifaqı dağıldıqdan sonra Şəki şəhərində Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuşdur. 2002-ci ilin oktyabrın 2-də Prezident Heydər Əliyevin sərəncamı ilə" Prezident təqaüdünə" layiq görülmüşdür.

1960- cı ildən tütüncü kimi əmək fəaliyyətinə başlayan, zəhmətdən qorxmayan, hər il 4-4,3 ton tütün istehsal edən Ziyafət Əliyevanın əməyinin qiymətləndirilməsi də Ulu öndərin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyev qabaqcıl tütünçü Ziyafət Əliyevaya “Qırmızı Əmək Bayrağı” ordeninin verilməsinə göstəriş vermişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə, müstəqillik illərində respublikamızda vəziyyət çox ağır idi. İqtisadiyyat, ölkənin təsərrüfat həyatı dağılmış, infrastruktur bərbad vəziyyətə düşmüşdü. Ölkə vətəndaş müharibəsi ilə üz-üzə idi. Ulu öndərin hakimiyətə gəlməsi ilə ölkədə sabitlik yaradıldı. Dahi liderin həyata keçirdiyi tədbirlər nəticəsində Respublikanın hər yerində olduğu kimi Oğuzda da həyat tədricən qaydaya düşdü, sabitlik yarandı. Rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi, iqtisadiyyatın canlandırılması üçün planlı iş aparılmasına başlanıldı. 1996-2000-ci illərdə özəlləşdirmə üçün nəzərdə tutulan 20779 hektar torpaq sahəsi 9240 ailəyə, 34 min 903 nəfərə paylanıldı. Oğuz rayonu aqrar islahatları 2000-ci il iyulun 1-dək başa çatdıran 13 rayondan biri olmuşdur.

Həmin illərdə Oğuzda çörək sexləri, un dəyirmanları istifadəyə verilmişdir. Rayon poçt binası tam təmir olunmuş, rayonun ayrı-ayrı kəndlərində poçt binaları istifadəyə verilmişdir. Rayonda 5 milyard manat dəyərində optik telefon kanalları, 1998-ci ildə 2000 nömrəlik avtomat telefon stansiyası, rayonun Baş Daşağıl kəndində 100 yerlik ATS istifadəyə verilmişdir. Rayonun cənubunda istirahət parkı tikilmişdir. 2002-ci ildə "Azpetrol" yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir.

Rayonda sahibkarlığın inkişafına geniş meydan açılmış, Oğuz şəhərində və kəndlərində şadlıq evləri, özəl obyektlər tikilib istifadəyə verilmişdir. Kəndlərdə su probleminin həlli ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir.

Respublikanın digər bölgələrində olduğu kimi Oğuz rayonunda da bələdiyyələrin yaradılmasına Ulu öndərin hakimiyyət illərində başlanılmışdır.

Ulu öndər Heydər Əliyev Oğuzda təhsilin səviyyəsini yüksək qiymətləndirmişdir. Ümummilli lider 2002-ci ildə yüksək balla ali məktəbə daxil olaraq "Prezident təqaüdü"nə layiq görülən tələbələrlə görüşdə Oğuz rayonunun ilk prezident təqaüdçüsü Cəmşid Naxçıvanski ilə söhbəti zaman demişdir: "Əgər belə yüksək balla gəlib Universitetə daxil olubsa, demək həmin rayonda təhsil yüksək səviyyədədir."