Qalereya

Muzey ekspozisiyasının birinci bölməsi Heydər Əliyevin uşaqlıq və gənclik illərinə, ailə həyatına həsr edilib. Burada Heydər Əliyevin doğulduğu Naxçıvan şəhərini, Naxçıvanın dağ mənzərəsini, valideynlərinin, ailə üzvlərinin foto-şəkilləri, ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illərini, fotoşəkilləri və ilk iş yeri olan Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə fəaliyyətini, Dövlət Təhlükəsizliyi orqanlarındakı fəaliyyəti, 1964-cü ildə Azərbaycan Dövlət SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayoru kimi fəaliyyətini əks etdirən eksponatlar nümayiş olunur.

İkinci bölmədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumunun qərarı ilə Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti əks olunur. Bu bölmədə ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatının, iqtisadiyyatının və sənayesinin inkişafı sahəsində göstərdiyi xidmətləri, onun təşəbbüsü ilə tikilib istifadəyə verilən obyektləri, Azərbaycanın bölgələrinə səfərləri, əmək adamları, yazıçılar, musiqiçilər, mədəniyyət xadimləri ilə görüşləri və s. eksponatlar nümayiş olunur.

Üçüncü bölmədə Ulu öndər Heydər Əliyevin 1982-ci ilin noyabrından 1987-ci ilin oktyabrına kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində SSRİ kimi nəhəng bir ölkənin iqtisadi və mədəni həyatında fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunur.

Dördüncü bölmədə 1993-cü ilin oktyabrın 3-dən ümumxalq səsverməsi yolu ilə Azərbaycan Prezidenti seçilən və 1998-ci ilin 11 oktyabrında 2-ci dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyevin 2003-cü ilin oktyabr ayınadək fəaliyyəti nümayiş olunur. Bu bölmədə dahi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin qorunması, nizami ordu yaradılması, “Əsrin müqaviləsi” və bir sıra beynəlxalq müqavilələrin imzalanması sahəsindəki fəaliyyətini və s. xidmətlərini əks etdirən eksponatlar nümayiş olunur.