"Qarabağ Azərbaycandır!" adlı məqalə müsabiqəsinin qalibi müəyyənləşib.

"Qarabağ Azərbaycandır!" adlı məqalə müsabiqəsinin qalibi müəyyənləşib.

Oğuz rayon Heydər Əliyev Mərkəzində "Anım günü" münasibətilə elan edilmiş məqalə müsabiqəsinin qalibi Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta məktəbin müəllimi Xatirə Nuralıyevadır. Məqaləni diqqətinizə təqdim edirik.

Qarabağ Azərbaycandır!

Sentyabrın 27-dən başladı o müqəddəs savaş. Müharibə sözü həmişə bizə ağır gəlirdi. Amma bu savaşı elə bil hamı həsrətlə gözləyirdi. Gözləyirdik ki, 30 ildir torpaqlarımızda kök salmış mənfur düşmənə layiq olduğu yerə göndərək.

Savaşa gedən oğulları toy-bayramla yola saldıq. Bir millət ki, gözünün nurunu, evinin işığını,canının parçasını büsat quraraq düşman üstünə yola salır, o xalqa, millətə, dövlətə qalib gəlmək olarmı?

Əlbəttə ki, yox! Əsla yox!

Biz bu müqəddəs savaşımızda nələrə şahid olmadıq. Bəlkə də illərlə küsülü olan insanlar zəfər üçün birləşdilər. Həqiqətən də müharibə insanların elə hallarını üzə çıxarır ki, o simalar 100 il sülh dövründə təcəlli etməzdi. İllərlə qaradinməz adamayovuşmaz biri sinəsini sənə sipər edib gözlərini yumur. Heç tanımadığı əsgər yoldaşını çiyninə götürüb saatlarla yol gedir ki, həyatını xilas etsin. Hər kəs özündən deyəndə, susan sısqa, arıq bir oğlan qalaya dırmasıb köksündə gəzdirdiyi o müqəddəs bayrağı ən yüksəyə sancır.

Bu 44 günlük Vətən savaşında necə gözəl şeylərə şahid olduq. Birliyimizi, gücümüzü görən düşmən də dəhşətə gəlirdi. Bu ölkədə müharibədə olan nəvəsinə nənə telefonla ”canavar kimi parçala düşməni” tapşırığını verir, oğlunun döyüşə göndərən ana “heç olmasa bir tanklarını vur”, söyləyir, oğlu şəhid olan ana “sənə haqqımı halal edirəm, şəhadətin mübarək oğul” deyə hayqırır. Bu məmləkətdə təqaüdçü Hikmət baba yırtılmış ayaqqabı ilə gəzib təqaüdünü, qoca nənə isə kəfən pulunu əsgərə göndərir, bu diyarın ağsaqqalı bir neçə dəfə elçilərini qaytardığı oğlana döyüşdə bir gözünü və ayağını itirdiyini bilib “ Sənin toyunu da özüm edəcəm deyib xeyir-dua verir, iş adamı ön cəbhəyə rəşadət göstərən əsgərin ən böyük arzusu olan avtomobili hədiyə edir, körpələrimiz özləri üçün yığdıqları pulu cəbhədəki əsgərlərə göndərir.

Bu 44 gündə hər birimiz bir vətən parçası olduq. İndi bizim üçün Vətən şəhid atasının adını daşıyan Zeynaldı. İndi bizim üçün Vətən iki oğlunu eyni gündə şəhid verən atadı, indi vətən şəhid qardaşının və həyat yoldaşının tabutunu çiynində daşıyan Firuzədir, Gəncə terrorunda həlak olan 10 aylıq Nərmindir, iki valideyinini itirən Xədicədi, sevincindən əlil arabasında maşınların önündə gedən qardaşımızdı, zəfər sevincindən tanımadığı birinə “öpürəm səni, bağrıma basıram” deyən dayıdı, əlini, qolunu, ayağını, gözünü vətən üçün verən amma vətənin bir qara daşını da düşmənə verməyən qazilərimizdi Vətən. Bizim üçün Vətən Polad Həşimovdu, Şükür Həmidovdu, Mais Bərxudarovdur, Hikmət Mirzəyevdir, adını bilmədiyimiz və bildiyimiz neçə-neçə qəhrəmanlardı.

Şuşa alınması xəbərini verdikdən sonra gözləri yaşaran Ali Baş Komandandı Vətən. Cəbhəyə yardım aparanlardı, döyüşdə bir qolunu itirməsinə baxmayaraq, xəstəxana pəncərəsindən məğrur baxışı ilə əsgər salamı verərək sevincini bölüşən qazimizdi Vətən. Bu gün Vətən bütün Azərbaycan xalqıdı.

Şanlı qələbəmiz üçün canından, ailəsindən, sevdiklərindən, Ata- anasından keçən, amma vətənindən keçməyən Şəhidlərimiz! 2904 Şəhidə, 2904 anaya sonsuz, əbədi minnətdarıq.

Basdığın yerlərə torpaq deyərək keçmə tanı!

Düşün altındakı minlərcə kəfənsiz yatanı!

Sən şəhid oğlusan, incitmə yazıqdır atanı!

Vermə, dünyaları alsan da bu cənnət vətəni.

Ruhunuz, adınız daima bizimlədir. Azərbaycan durduqca, yaşadıqca sizi yaşadacağıq, sevəcəyik, tanıtdıracağıq, vətənin rəşadətli, şərəfli qəhrəmanları! Zəfər yaşadan, Qarabağı bizə qaytaran, Qarabağla bərabər şərəfimizidə qaytaran igidlər! Sizin qanınızla, canınızla aldığınız bu torpaq bizə əmanətdir. Əmanətinizi göz bəbəyi kimi qoruyacağıq. Sizə olan vəfa borcumuzu heç zaman yaddan çıxarmayacağıq.

İndi bizim üçün Vətənimizin hər qarışı sərhəddir. Bunu həmişə belə də bilməliyik. Sərhəddimizi necə ayıq-sayıqlıqla qoruyuruqsa, şəhid, qazi qanı ilə yoğrulan hər qarış torpağımızıda elə qorumalıyıq. Bu hər birimizin vəzifəsidir. Amma ən ağır yük cəsur, qəhrəman sərhədçilərimizin üzərinə düşür. Gecə-gündüz, isti-soyuq demədən vətənimizin keşiyində dururlar.

İmkan verməyəcəyik ki, bir daha mənfur düşmən torpaqlarımıza ayaq bassın.

Ölkəmizin üzərinə doğan Günəşin bütün cahana aydınlıq gətirəcəyinə inanırıq. Bir canımız var. Uğruna fəda olsun Vətən! Sən hər kəsin can parçası, Vətən deyib içimizdə böyütdüyümüz sevgisən. Hər tərəfdə dalğalanan, sancılan, qanınla qırmızıya boyadığın bayrağımızın azadlıq rəmzisən. Nə qədər ki, biz varıq o bayraq bütün torpaqlarımızda əbədiyyən dalğalanacaq. Şəhidlərimizin qanı, canı ilə alınan müqəddəs Vətən torpaqları artıq bizlərə əmanətdir. Əmanətiniz başımızın tacıdır Şəhidim. Sən Vətənin köksündəki bir zirvəsən, bitməyən cümlələrin sonundakı bir nidasan, torpağın altında ölümsüz bir cansan Sən.

Qarabağ Azərbaycandır! Azərbaycanın ürəyi isə Qarabağdır. Qarabağı bizə qaytaran bütün qəhrəmanlarımıza minnətdarıq.