15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən məqalə müsabiqəsinin qalibləri müəyyənləşərək diplomlarla mükafatlandırılıb

15 iyun Milli Qurtuluş günü münasibətilə keçirilən məqalə müsabiqəsinin qalibləri müəyyənləşərək diplomlarla mükafatlandırılıb

Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Heydər Əliyev Mərkəzi və Oğuz rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş 15 iyun Milli Qurtuluş günü münasibətilə təşkil edilmiş məqalə müsabiqəsinin qalibləri müəyyənləşib. Qiymətləndirmə komissiyası tərəfindən 10 ballıq qiymətləndirmə sistemi ilə 10 bal toplayaraq I yerə Verdiyeva Sevda İmran qızı, 8 bal toplayaraq II yerə Atakişili Səadət İlqar qızı layiq görülmüşdür.

I yerin qalibi Verdiyeva Sevda İmran qızının məqaləsini təqdim edirik.

MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI

Görünür, hürriyyət təmsilçisi Prometeyin Qafqaz dağlarında zəncirbənd edilməsi təsadüfi deyilmiş. Çünki xalqımızda bir Prometey ruhu mövcuddur. Azadlıq və istiqlal onun əzəli məqsədi olmuşdur. Güclü qəhrəmanlıq ideyası ilə silahlanmış Azərbaycan xalqı zaman-zaman əsarət zəncirini qırmaq üçün azadlıq uğrunda mübarizəyə qalxmış, istiqlal yolunda şəhidlər vermiş, öz şanlı və işıqlı qəhrəmanlıq tarixini yaratmışdır.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illər bu tarixin ən parlaq səhifələrindəndir.

Şərqdə ilk türk Respublikası – Azərbaycan Xalq Cümhuriyyəti Rusiya “yəcuc və məcucları” tərəfindən devrilsə də, istiqlal arzusu yaşayırdı. İllər bir-birini əvəz etdikcə tarix Azərbaycanın üçrəngli bayrağını yenidən qaldıracaq azadlıq aşiqlərini yetişdirirdi. Nəsillər arasındakı mənəvi əlaqə qırılmamışdı.

1969-cu ildən bu işlər daha da sürətləndi, ölkəmizdə bir oyanış dövrü başladı. Məhz həmin vaxtlardan Azərbaycanda böyük istedadlar və mənəvi qəhrəmanlar qvardiyası yaranmağa başladı ki, bunların da önündə Heydər Əliyev dururdu.

Qorxmaz, cəsarətli, qranit kimi möhkəm iradəyə malik H.Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə uzun illərin sükunəti pozuldu, simasızlaşmağa gedən millət oyandı, türk düşüncəsi silkələndi, beynəlmiləlçilikdən milliliyə dönüş başlandı, milli düçüncənin formalaşmasında misli görünməmiş işlər görüldü. H.Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də, öz əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, mədəniyyəti, milli adət - ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Onun Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi isə milli dövlətçilik arzularının və hisslərinin gücləndirilməsi oldu. Tarixin gedişini həssaslıqla izləyən H.Əliyev müəyyən taktiki gedişlərlə Moskvanın gözünü qamaşdırır, mənsub olduğu xalq üçün strateji planlarını həyata keçirirdi. Bu, əslində xalqımızın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi.

Sovet imperiyasının məhvə məhkum olduğunu hamıdan yaxşı görən H.Əliyev siyasi imkanlarından və nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradacaq faktorların təmin edilməsi naminə istifadə etməyə çalışırdı.

XX əsrin sonları yaxınlaşırdı... Ötən hər gün isə sovet imperiyasının iqtisadi və siyasi iflasına doğru aparırdı. SSRİ deyilən bu yalan və rəzalət səltənətində dünyanı sarsıdan içtimai fırtnalar başlamışdı.

İmperiya ərazisindəki başqa xalqlar kimi Azərbaycan xalqı da yaranmış tarixi şəraitdən istifadə edərək üçrəngli bayrağı yenidən başı üzərinə qaldırıb istiqlal savaşına qalxdı. 1918-ci ildən başlanmış “Azərbaycan davası”nı davam etdirdi.

1991-ci ildə zamanın qanlı qasırğalarından müstəqil Azərbaycan Respublikası yüksəldi. O, Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Əsrin əvvəllərində başlanmış hürriyyət və istiqlal savaşı əsrin sonlarında zəfərlə başa çatdı.

Fəqət Azərbaycan Xalq Cümhuriyyətinin başına gələn fəlakətlər müstəqil Azərbaycan Respublikasını da hədələyirdi. Xalqı və dövləti bu faciələrdən ancaq bir nəfər qurtara bilərdi – xalqımızın malik olduğu potensialın, qabiliyyətin, şüurun və milli təfəkkürün bariz mücəssəməsi olan Heydər Əliyev!

H.Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdi. Azərbaycan xalqı Şah İsmayıl Xətaidən sonra 500 illik tarixində əvəzi olmayan dahi şəxsiyyətini, bütün mənalı həyatını xalqına və onun dövlətçiliyinə həsr etmiş uzaqgörən siyasətçisini, zəngin dövlətçilik təcrübəsi olan müdrik oğlunu – H.Əliyevi hakimiyyət başına gətirdi. O, xalqın sabaha olan inamını özünə qaytardı. Tarixdə oxşarı olmayan bir qayıdış baş verdi. Qurtuluş başladı.

H,Əliyev sanki Bozqurd kimi Tanrı tərəfindən göndərilmiş rəhbər və xilaskardır. Hər dəfə ölkə zor duruma düşəndə ortaya çıxır, xalqı və məmləkəti xilas edirdi. Təsadüfi deyil ki, böyük qırğız yazıçısı Ç.Aytmatov onu tarixi, həm də əfsanəvi şəxsiyyət adlandırırdı.

H.Əliyev yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik modelini hazırladı, özünün möhtəşəm dövlətçilik ideyalarını həyata keçirməyə başladı.

Ulu öndərimiz təkcə qüdrətli Azərbaycan dövlətini yaratmadı, həm də onun əbədiliyini təmin edən mükəmməl dövlətçilik ideologiyasının əsasını qoydu.

Əgər Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, müstəqilliyimizin əbədi və dönməz edilməsi isə ancaq ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

O, müstəqil Azərbaycan Respublikasını yırtıcı əllərin pəncəsində parçalanmaqdan xilas etdi. Danko qaranlıqda çaşıb qalmış xalqı azadlığa qovuşdurmaq üçün ürəyini məşəl etdiyi kimi H.Əliyev də “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram”, - dedi. Özünün möhkəm siyasi iradəsi, qətiyyəti, müdrikliyi ilə vətəndaş müharibəsini söndürdü, ölkədə içtimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyini qoruyub möhkəmləndirdi. Dünya planetimizin ən görkəmli siyasətçilərindən biri olan H.Əliyevin dilindən Azərbaycan həqiqətlərini eşitməyə və duymağa başladı: ”Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir...”

H.Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev deyir: “Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik. Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

İndi Azərbaycan xalqı müstəqillik dövrünü yaşayır. Müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrəti ötən hər gün güclənmiş, vətənimiz sürətlə inkişaf etmiş, bütün sahələrdə yüksək göstərici və nəticələr qazanılmışdır. İndi Azərbaycan dünyada söz və nüfuz sahibi, sabit, inkişaf edən, iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünya birliyində öz layiqli yerini tutmuş bir dövlətə çevrilmişdir.

Şübhəsiz ki, ümummilli liderimiz H.Əliyevin müəyyən etdiyi strateji xətt gələcəkdə də Azərbaycanın simasını və inkişaf istiqamətlərini müəyyənləşdirəcəkdir.

Verdiyeva Sevda İmran qızı, Yaqublu kənd sakini, GDU-nun alman dili fakültəsinin I kurs tələbəsi