Dərnəklər

Dərnəklər

“ALLI” xalçaçılıq dərnəyi

Oğuz rayon Heydər Əliyev Mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edən, Azərbaycan xalq tətbiqi sənət növlərinin bir qolu olan xalçaçılıq sənətinin gənclər arasında təbliği, Oğuz rayonunun qədim xalçaçılıq ənənələrinin öyrənilməsi və təbliği məqsədilə “ALLI” xalçaçılıq dərnəyi yaradılmışdır. Oğuz rayonunun, xüsusən də rayonun Baş Daşağıl kəndinin xalçaçılıq ənənələrinin öyrədilməsinin vacibliyi hələ 2015-ci ildə Oğuz rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə rayona səfər etmiş “Azərxalça” açıq səhmdar cəmiyyətinin sədri Vidadi Muradovun “Azərbaycan xalçaları” adlı elmi-publisistik jurnalda dərc edilmiş “Yurdlar və xalçalar” adlı məqaləsində qeyd edilmişdir. Oğuz rayonunda xüsusilə Baş Daşağıl kəndində toxunan xalçalar tarixi Azərbaycanın bir parçası olmuş Dərbənd bölgəsinin xalçaçılıq ənənələrini özündə əks etdirir. Oğuz xalçaçılarının toxuduğu xalçalarda “Allı”, “İğirli”, “Müslümat”, “Naçalnik” kimi çeşnilər maraq kəsb etmişdir. Mərkəzdə yaradılmış xalçaçılıq dərnəyinin məqsədi də məhz Oğuz bölgəsində yayılmış xalçaçılıq ənənələrinin öyrədilməsindən, gənc nəslin xalçaçılıq sənətinə olan marağının artırılmasından ibarətdir.

Dərnək həftədə 2 gün fəaliyyət göstərir. Dərnək 2019-cu ildən ödənişli əsaslarla fəliyyət göstərir. Dərnəkdə müxtəlif çeşnilərin əks edildiyi suvenirlik xalçalar toxunur.