Oğuz rayonu haqqında

Oğuz rayonu haqqında

Oğuz rayonu ( 7 fevral 1991ci ilədək Vartaşen rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Oğuz şəhəridir. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961-1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. 1991-ci ilin fevral ayının 7-də Azərbaycan Respubikası Ali Sovetinin birinci sessiyasında rayonun və şəhərin adı dəyişdirilərək Oğuz rayonu adlandırılmışdır

Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil olmuşdur.

Rayonun ərazisi 1077km2, əhalisi 40845 nəfərdir. Rayonun 33 kəndi var. Rayon Şimaldan Rusiya Fedarasiyası(Dağıstan),şərqdən Qəbələ, cənubdan Ağdaş rayonları ilə həmsərhəddir.

Son dərəcə səfalı, unikal təbiət gözəlliklərinə malik olan rayon ərazisinin 40 % -ni meşələr təşkil edir.
Zümrüd meşələri, yaşıl yamacları, suyu diş göynədən buz bulaqları, dupduru çeşmələri, gur şəlalələri, min dərdin dərmanı olan 40 – dan artıq dərman bitkisinin vətəni, qırqovullu, marallı, cüyürlü, dağ keçili faunası ilə hamını heyran qoyan Oğuz rayonu həqiqətən cənnətməkan bir diyardır.

Rayonun ən yüksək dağ zirvəsi Malqamud dağı(3879 m).

Ən alçaq yeri Qarabaldır kəndinin cənub-qərbi (350 m).

Ən uzun çayı Daşağıl çayı (46 km)

Ən yüksəklikdə olan kəndi Filfilli kəndidir (50 km)

Ən soyuq yeri Malqamud dağının zirvəsi -52 dərəcə

Ən isti yeri Böyük Söyüdlü kəndi +42 dərəcə

Ən qədim arxeoloji abidə Kərimli kurqanları (e.ə. I minilliyin əvvəlləri)

Ən qədim memarlıq abidəsi Maluq qalası (e.ə.II əsr)