Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

Oğuz rayon Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müəssisəsidir.

Mərkəz 2007-ci il mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Oğuz rayonuna II səfəri zamanı Heydər Əliyev Muzeyi adı altında fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı zaman muzeydə 190 eksponat olmuşdur. Muzey ekspozisiyası 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenilənmişdir. 2011-ci ildə yeni görkəmli binanın inşası ilə əlaqədar muzey binası sökülmüş, 2013-cü ilin may ayına qədər tikinti işləri davam etmiş, həmin tarixdən işlər dayandırılmışdır. 2012-ci ilin sentyabr ayından muzey Heydər Əliyev Mərkəzi adlandırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin 2012-ci ilin 13 sentyabr tarixli 477 nömrəli əmrinə əsasən Oğuz rayon Heydər Əliyev Mərkəzinin ekspozisiyası 15 sentyabr 2012-ci il tarixindən tamaşaçılar üçün təmir işlərinin aparıldığı müddətə bağlanılmışdır. Həmin tarixdən Mərkəz öz fəaliyyətini Oğuz şəhər 2 saylı orta məktəbdə, uyğunlaşırılmış otaqlarda davam etdirir.

Hal-hazırda Heydər Əliyev Mərkəzinin fondu 770 eksponatdan–fotoşəkillər, kitablar, tətbiqi sənət nümunələri və videodisklərdən ibarətdir. Mərkəzə daxil olan bütün əşyaların qeydiyyatı əsas və köməkçi inventar kitablarının işlənməsi ilə aparılır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən eksponatlar “Muzey əşyalarının daimi mühafizə portalı”na yerləşdirilir.

Heydər Əliyev Mərkəzinin ümumi ştat vahidi 11 nəfərdir.

Mərkəzdə mütəmadi olaraq Respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən əlamətdar günlər və hadisələrlə əlaqədar tədbirlər keçirilir. Ümummilli lider Heydər Əliyev həyat və yaradıcılığı, dövlətçilik irsi və azərbaycançılıq məfkurəsi haqqında məruzələr, dəyirmi masalar, seminarlar təşkil edilir.

Mərkəzin nəzdində “Heydər Əliyev irsinin araşdırılması və gənc nəslə çatdırılması ilə bağlı tədqiqat qrupu”, “Mühazirəçilər qrupu” yaradılmışdır. 2019-cu ilin yanvar ayından Mərkəzdə ödənişli “Allı” xalçaçılıq dərnəyi fəaliyyət göstərir.

Mərkəzdə keçirilən tədbirlər rayonun “Oğuz yurdu” qəzetində, Mərkəzin Facebook səhifəsində, Şəki Regional Mədəniyyət İdarəsinin saytında və rəsmi qəzeti “Mədəniyyət qalası” qəzetində işıqlandırılır.