Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyinin eksponatlarının virtual təqdimatı

Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyinin eksponatlarının virtual təqdimatı

1)Farış(Səhəng)
Mis farış xonçalı gül təsvirlərilə bəzənmiş farışın aşağı hissəsində ərəbcə "Sahibi farş... " - "Farışın sahibi.. " sözləri həkk edilib.Kitabənin ardı pozulduğu üçün şəxsin adını oxumaq mümkün deyil. Qabın orta hissəsində qaçan ceyran və ona hücum edən pələng motivli təsvir verilmişdir. Qabdan məişətdə su gətirmək və saxlamaq üçün istifadə olunub.
Azərbaycanda metalişləmə sənəti qədim tarixə malik olsa da, misgərlik orta əsrlərdən formalaşmağa başlayıb. Bir sıra mənbələr göstərir ki, Azərbaycanda misgərlik sənəti əsasən XVIII əsrdə inkişaf edib. Bu yerlərə həmin dövrlərdə səfər etmiş səyyahlar da bir çox şəhərlərdə xüsusi misgərlik küçəsi olduğunu, orada misdən bəzəkli, orijinal formalı qab-qacaq düzəldildiyini qeyd edirlər. O da xüsusi olaraq bildirilir ki, Azərbaycanda elə yerlər olub ki, orada nəinki bir-iki küçədə, hətta misgərliklə məşğul olma kütləvi hal alıb. Belə mərkəzlərdən biri o vaxtlar Şamaxı xanlığına daxil olan Lahıc (hazırda İsmayıllı rayonunun ən qədim sənətkarlıq və yaşayış məntəqəsidir) idi. Lahıcda bu əsrdə külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də kəmiyyət baxımından o dövrün mərkəzi şəhərlərində hazırlanan məişət əşyalarından heç də geri qalmayıb. Hələ XIX əsrin ortalarında Lahıcda 180-190-a yaxın mis karxanası olub.

2)Qılınc - VII- IX
Bir tiyəsi olan yaxın məsafəli doğrayıcı silahdır. Belə silahlardan sayılan ən məşhur Dəməşq poladından hazırlanan polad qılınclar adətən Şərq silah növünə aid edilir. Silahşünaslıqda tədqiqatçılar qılıncları daha tez VII-IX əsrlərdə, Rusiyada XI- ci əsrlərdə, Qərbi Avropa ölkələrində isə sonrakı dövrlərdə, yəni XV əsrlərdə istehsal olunmasını elmi araşdırmalar nəticəsində təsdiqləyirlər.
Qılınc Kazımova Əzizə tərəfindən muzeyə hədiyyə edilib.

3)Dolça (gil)

Dulusçuluq Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını neolit dövrünə aid edirlər.
Su saxlamaq və süfrədə işlətmək üçün istifadə olunub.
1985 ci ildə Xolqarabucaq kənd orta məktəbinin direktoru İbadov Xudayar tərəfindən muzeyə verilib.

4)Sərnic
Üzərində müxtəlif təsvirli nəbatı naxışlar və güllər var. Qabın ətrafındakı naxışların ortasında şir təsviri verilib.
Heyvanların sağılmasında sərnicdən istifadə olunurdu. Sərnic misdən hazırlanır, təkcə süd sağmaq üçün deyil, həmçinin yağ, bal, qovurma kimi, ərzaq məhsullarının qış tədarükü olaraq saxlanmasında da istifadə olunurdu. Məhz bu səbəbdən bəzən xalq arasında sərnicə "bəxtəvər" deyilirdi (içi daim dolu olduğuna görə).

5)Samovar
Bu samovarı şöhrətləndirən təkcə 190 yaşı deyil, həm də onun çox sayda məclislərin, tarixi hadisələrin, olayların şahidi olmasıdır. İlk öncə deyim ki sözü gedən samovar XIX əsrin əvvəllərində - 1825 - ci ildə yəni dekabristlər üsyanının Rusiyanı silkələdiyi, Puşkinin Qafqazı gəzib İlhamlandığı, Napoleonun Rusiyada məğlub olub geri çəkildiyi, məlum "Gülüstan müqaviləsi" ndən 12 il ötdüyü bir zamanda "anadan olub". Rusiyanın Tula vilayətində dövrünün məşhur samovar ustası kimi tanınan Nikolay Bataşevin sexində hazırlanmış bu samovar zahiri quruluşuna görə sadədir. Kömür və odunla işləyir. Xalis tuncdan (mis, qalay, qurğuşun qarışığı) hazırlandığı üçün istilikkeçirmə qabiliyyəti yüksəkdir. Həcmi 5 litrdir. Çox qısa bir zamanda suyu qaynada bilir. Üzərində müxtəlif tarixdə olan gerbləri var. Dəmkeşi, solunda və sağında palıddan hazırlanmış qulpları, xüsusi formada olan su kranı zövqlə hazırlanıb.
Əsədova Zöhrəbanu tərəfindən muzeyə verilib. Deyilənə görə Samovar mübadilə (balıq, kürü) vasitəsilə rayonumuza gəlib çıxmışdır.

6)Əgər ilkin dövrlərdə əşyaların zahiri bəzəyi sadəliyi ilə seçilirdisə, VIII-IX əsrlərdən başlayaraq, onun bədii tərtibatında şirə mayesi işlədilməyə başlanıb. Ustalar həm çiy gili anqobla (ağ yağlı gilin tərkibinə zəy, un, şorotu qatılan maddə) bəzəyib, sonra boyalarla bəzəyib, xüsusi sobada bişirirlər.

Xəzər dənizi sahillərindən tapılmış şirli gil tipli boşqab IX cu əsrə mənsub olduğu güman edilir. Üzərində həndəsi və nəbati naxışlar, butalar var. Bu şirli gil qab məişətdə istifadə etmək üçün nəzərdə tutulub.