Heydər Əliyev və Neftçala

Heydər Əliyev və Neftçala

Mayın 30-da Sovet İKP MK Siyasi bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nin 1-ci katibi Heydər Əliyev Neftçalada olmuşdur. Heydər Əliyev rayonun Qaraqaşlı quşçuluq fabrikinə getmiş, fəhlələrlə görüşüb söhbət etmişdir. Heydər Əliyev həmin gün rayondakı "Azərbaycan" və "1 May" kolxozlarının pambıq tarlalarında, heyvandarlıq komplekslərində, taxıl sahələrində olmuş, kolxozçularla görüşmüşdür. O, Yeni Neftçala Yod-Brom zavodunun tikintisinə getmiş, Bankə Balıq kombinatında istehsal prosesləri, habelə fəhlələrin iş və məişət şəraiti ilə yaxından tanış olmuş, Neftçalanı gəzmiş, şəhər əhalisinin istirahəti ilə maraqlanmışdır. Həmin gün şəhərin mədəniyyət evində rayon partiya təsərrüfat fəallarının yığıncağı keçirilmişdir. Neftçala Rayon Partiya Komitəsinin birinci katibi İ.Qurbanovun həmin ilin 5 ayı ərzində və bütünlüklə onuncu beşilliyin üç ilində qazanılmış əmək nəaliyyətləri, habelə rayonda aparılan geniş tikinti və abadlıq işləri barədə məlumatı dinlənildi.

Sov.İKP MK Siyasi Bürosu üzvülüyünə namizəd, Azərbaycan KP MK- nin birinci katibi Heydər Əliyev mayın 30-da rayonumuzda olarkən "Azərbaycan", "1 May" kolxozlarını, bir sıra sənaye müəssisələrini gəzmiş, tarlalarda və fermalarda işlərin gedişi ilə, onlara göstərilən mədəni xidmətin təşkili ilə maraqlanmışdır. Heydər Əliyev əmək adamları ilə görüşlər zamanı onlara bir sıra dəyərli məsləhətlər və tövsiyyələr vermişdir. Sevimli rəhbərimiz əməkçilər tərəfindən hər yerdə böyük mehribanlıqla, gül-çiçək dəstələri ilə qarşılanmışdır. Heydər Əliyev sənaye müəssisələrində sexləri gəzmiş, işlərin gedişi ilə ətraflı tanış olmuşdur. O, mütəxəssislərlə söhbət etmiş, fabriki bu il avqustun axırında istifadəyə vermək, onun layihə gücündən tezliklə istifadə etmək vəzifəsini qarşıya qoymuşdur.

Heydər Əliyev müəssisə gənclərinin təhsili ilə maraqlanmış, onların istək və arzularını soruşub öyrənmişdir. O, müəssisənin ixtisaslı kadrlarla təchiz olunması zərurətini xüsusi qeyd etmişdir."Azərbaycan" kolxozu idarə heyyətinin sədri A.Həsənov təsərrüfatın ümumi vəziyyəti haqqında məlumat vermişdir. O göstərmişdir ki, kolxoz iqtisadiyyatı ildən-ilə möhkəmlənir, hər hektarın məhsulu getdikcə artır. Keçən il 720 hektar pambıq sahəsinin hər hektarından 51 sentner, 1080 hektar taxıl zəmisinin hər hektarından 30 sentner məhsul əldə edilmişdir. Kolxoz əməkçiləri bu il daha yüksək göstəricilər uğrunda mübarizə aparırlar. Heydər Əliyev kolxozda məhsuldarlığı yüksək olan damazlıq mal- qaradan ilk nəslin əldə edildiyi yeni heyvandarlıq kompleksi ilə tanış olmuşdur. Fermanın müdiri Ələmxan Rəhmanov vəziyyətlə bağlı ölkə rəhbərinə məlumat vermişdir. Heydər Əliyev təsərrüfatın qabaqcıl sağıcısı Əminə Mirişova ilə xatirə şəkli çəkdirmişdir. Təsərrüfatın qabaqcıl briqadirlərindən olan Rza Nədiyevin tarlalarını gəzərkən Heydər Əliyev buradakı vəziyyətdən razı qaldığını bildirmışdir.

Heydər Əliyev kolxoz əməkçilərinin rifahı, məişəti, gənclərin təhsili ilə maraqlanmış, onların istək və arzularını soruşmuşdur. Adı bütün respublikamızda məşhur olan Qırmızı Əmək Bayrağı ordenli "Azərbaycan" kolxozunda - Şükür Ataşovun briqadasında Heydər Əliyevi çox böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Kolxozun sədri Nuruş Əliyev rayonda ən yaxşı təsərrüfatın müvəffəqiyyətlərindən fərəhlə danışmışdır. Heydər Əliyev təsərrüfatda yem tədarükünün vəziyyəti ilə tanış olmuş və tövsiyyə etmişdir ki, senaj hazırlanmasına diqqət daha da artırılmalı, toplanmış otun hamısı bu məqsədə sərf olunmalıdır. Görüşdə iştirak edən briqada üzvləri ilə xatirə olaraq Heydər Əliyevlə şəkil çəkdirmişlər. Heydər Əliyev kolxuzun mədəniyyət evi ilə, buradakı şəkil qalereyası ilə tanış olmuş, bütün bunlardan razı qaldığını bildirmişdir. Bununla yanaşı o, təsərrüfat işçilərinə dəyərli tövsiyyələr də vermiş, kənd əməkçilərinin ideoloji tərbiyəsini daha da yaxşılaşdırmaq, bədii özfəaliyyət kollektivlərini genişləndirmək işini daha da sürətləndirmək zərurətini qeyd etmişdir. Mədəniyyət evindəki kitabxana ilə tanış olarkən Heydər Əliyev göstərmişdir ki, kitab fondunun müntəzəm təzələnməsinə daim ciddi diqqət yetirilməli, kitab sərgilərini təşkilinə xüsusi fikir verilməlidir. O kitablar sərgiyə qoyulmalıdır ki, hamı tərəfindən maraqla oxunsun.

Dövlət xadimi Heydər Əliyev rayona etdiyi tarixi səfərdən qısa müddət sonra Azərbaycan KP Mərkəzi Komitəainin geniş iclasında Neftçala rayonu üçün bir neçə əhəmiyyətli qərarlar vermişdir. Azərbaycan KP MK Neftçala rayonu pambıqçılarının dövlətə plandan əlavə pambıq satışına dair yeni, artırılmış öhdəlikləri haqqında qərarı bu iclasda qəbul etmişdir.

Ümummilli lider Heydər Əliyevin 1979-cu il mayın 30-da Neftçala rayonuna etdiyi tarixi səfər bu gün də neftçalalıların xatirində ən maraqlı və yaddaqalan anlarla xatırlanır. O günlərin xoş təəssüratlarının hələ uzun müddət yaşayacağını söyləyən əhali rayonda aparılmış abadlıq-quruculuq işlərində və kənd təsərrüfatının sürətli inkişafında məhz Ulu Öndərin gərgin əməyi ilə fəxr edir və bu siyasəti xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasında irəliyə doğru atılan uğurlu bir addım hesab edirlər.

Neftçala şəhərində qarşılanması

Yeni univermaqla tanışlıq

"Azərbaycan" kolxozunun sədri Nuruş Əliyev və əməkçilərlə birlikdə

Bankə Balıq Kombinatında

"1 May" kolxozunun taxıl zəmisində

"Azərbaycan" kolxozunun 2 nömrəli briqadasının üzvləri ilə görüş