Bu gün məşhur "Balaca qara balıq" hekayəsinin müəlifi Cənubi Azərbaycanlı Səməd Behrənginin anım günüdür

Bu gün məşhur "Balaca qara balıq" hekayəsinin müəlifi Cənubi Azərbaycanlı Səməd Behrənginin anım günüdür

(24 iyun 1939 — 31 avqust 1967)

Səməd İzzət oğlu Behrəngi Təbrizdə kasıb bir fəhlə ailəsində doğulub. Bu şəhərdəki mötəbər Tərbiyət məktəbində oxuyub. Sonra Təbriz Müəllimlər Kollecini bitirib. O, Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Eyni zamanda fars dilindən doğma dilə çevirdiyi yazıları dövri mətbuatda çıxıb. Səməd Behrəngi müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi olmuşdur.Daha çox özünün Balaca qara balıq kitabı ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitabları ilə yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə çevirmişdir. 1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar. Lakin bunu sübut edəcək bir dəlil indiyə qədər tapılmayıb.Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib. Ölümündən sonra Səməd Behrənginin xatirəsinə şeirlər yazılıb musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtay onun ölümündən sonra "Səməd könlümdədir" şeirini yazır daha sonra isə bu şeirə musiqi bəstələnir.