Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Naftalan şəhərində bir çox mədəniyyət sahələri fəaliyyət göstərir. Şəhər əhalisinə 1 kitabxana xidmət göstərir. Milli adət-ənənələrimizin təbliği, əhaliyə mədəni xidmətin göstərilməsi, milli musiqi mədəniyyətimizin öyrənilməsi ilə biri şəhərdə, digəri isə kənddə olmaqla 2 mədəniyyət evi məşğul olur. Şəhərdə eyni zamanda Uşaq Musiqi məktəbi də fəaliyyət göstərir və məktəbdə təhsil alan şagirdlərə musiqinin sirləri oyrədilir. Naftalan şəhərində bir muzey və Ulu öndər Heydər Əliyevin siyasi irsinin gənc nəslə öyrədilməsində xüsusi əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi fəaliyyət gösrərir.

Nizami Gəncəvi adına Şəhər Mərkəzi Kitabxanası

Şəhər mədəniyyət müəssisələrdən biri də Mərkəzi Kitabxanadır. 1967-ci ildə əsası qoyulan kitabxana 1980-ci ildən Nizami Gəncəvi adına kitabxana kimi fəaliyyət göstərir. 2012-ci ildə şəhərimizdə yerləşən Qaşaltı Qaraqoyunlu, Məhsəti Gəncəvi və Nizami Gəncəvi adına kitabxanalar birləşdirilərək Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yaradılmışdır. Şəhər Mərkəzi Kitabxanası 2 mərtəbəli binada yerləşir və kitabxanada 3 şöbə fəaliyyət göstərir: xidmət şöbəsi, uşaq şöbəsi, İnformasiya – resurs şöbəsi. Kitabxananın kitab fondu 35042 ədəd, oxuculara istifadə üçün verilən kitabların sayı isə 4985 ədəddir.

Naftalan şəhər Uşaq Musiqi məktəbi

Naftalan şəhər 7 İllik Uşaq Musiqi məktəbi 1968-ci ildə keçmiş Qasım İsmayilov rayon (indiki Goranboy rayon) musiqi məktəbinin filialı kimi fəaliyyətə başlamışdır. Şəhər ümumtəhsil məktəblərində, eləcə də yaxın kənd məktəblərində oxuyan şagirdlər musiqi məktəbinə cəlb olunaraq 1977-ci ildən məktəb müstəqil bir məktəb kimi fəaliyyət göstərməyə başlamışdır. Həmin illər Musiqi məktəbi Naftalan şəhər İ. Nəsimi adına 1 saylı tam orta məktəbin nəzdində bir neçə sinifdən ibarət idi və fortepiano, tar, qarmon ,kamança və nağara şöbələri fəaliyyət göstərirdi. Bİr neçə ildən sonra məktəbin şagird və müəllim kontingenti daha da artmış və nəhayət Naftalan şəhər Xalq Deputatları Sovetinin razılığı ilə 1980-ci ildə hazırda musiqi məktəbinin fəaliyyət göstərdiyi binaya köçməyə icazə verilmişdir.

1988-1992-ci illər Azərbaycanda Qarabağ münaqişəsinin qızğın bir dövründə məktəbin bir qrup müəllimləri əllərində silah işğalçı ermənilərlə mübarizəyə qalxmış, digər müəllimlər isə həm pedaqoq kimi fəaliyyətlərini davam etdirmiş, həm də hərbi hissələrdə əsgər və zabitlər qarşısında onlarda ruh yüksəkliyi, vətənə məhəbbət hissini alovlandırmaq məqsədi ilə konsertlərlə çıxış etmişlər. Müəllimlərdən bir neçə nəfər müharibə veteranı adına layiq görülmüş, bir nəfər Məmmədov Nofəl Çərkəz oğlu vətən uğrunda şəhid olmuşdur.

Şəhər 7 İllik Uşaq Musiqi məktəbi fəaliyyətini genişləndirməsinin nəticəsi olaraq 2000-ci ildə məktəbdə saz şöbəsi, 2009-2010-cü tədris ilində isə yeni skiripka və xanəndəlik şöbələri fəaliyyətə başlamışdı. 2005-ci ildən isə məktəbin həyətyanı sahəsində 3 sinif otağı əlavə olaraq tikilərək istifadəyə verilmişdir.

Şəhər 7 İllik Uşaq Musiqi məktəbi Habil Əliyev küçəsində yerləşir, ümumi sahəsi 563,4 kvadrat metr, istifadə olunan sahə 537,6 kvadrat metrdir. Məktəbdə 31 sinif otağı, bir konsert zalı, bir kitabxana var. Müəllimlərin 80%-dən çoxu 7 İllik Uşaq Musiqi məktəbinin yetişdirmələridir.

Naftalan şəhər 7 İllik Uşaq Musiqi məktəbi şəhərin mədəni –kütləvi tədbirlərində fəal iştirak edən mədəniyyət müssisələrindən biridir.

Parklar

Naftalan şəhərində sakinlərin və şəhərə gələn qonaqların istirahət etməsi və asudə vaxtlarını keçirmələri üçün 4 park var. Həmin parklar Heydər Əliyev parkı, Səməd Vurğun, Nəriman Nərimanov və "Qələbə" parklarıdır.