YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı

YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı

YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

04 iyun 2019-cu il tarixdə YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin V hesabat seçki konfransı keçirilib. Konfransda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, ziyalılar və fəal gənclər iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstəsi düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Hatəm Qocayev cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının Naftalan şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, şəhərin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb.

Tədbirdə Gənclər Birliyinin şura üzvü Ayxan Əsgərov hesabat verərək, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb.

Gənclər adından çıxış edən Ülfət Əliyev,Kəmalə Hüseynova ,Orxan Bağızadə və başqaları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı və diqqəti əməli işlərində layiqincə doğruldacaqlarını, Naftalan şəhərinin tərəqqisi və çiçəklənməsi naminə var qüvvələrini əsirgəməyəcəklərini bəyan ediblər.

Konfrans iştirakçıları YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Konfransın qərar layihəsi qəbul olunub.Sonra konfransda təşkilatı məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin 11 nəfərdən ibarət şura üzvləri, sədr və müavinləri seçiliblər. Gizli səsvermə yolu ilə Əsgərov Ayxan İlqar oğlu YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilib. Həmçinin YAP Gənclər Birliyinin Respublika Konfransına iki nəfər nümayəndə seçilib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov çıxış edərək YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin yeni heyətini təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıb. Naftalan gənclərinin daim dövlətçiliyimizə, Ulu Öndərə sədaqətli olduqlarını, bundan sonra da yeni zəfərlərə imza atacaqlarına əmin olduğunu bildirib.