Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir 17 may 2019-cu il tarixdə, saat 1000-da Heydər Əliyev Mərkəzində keçirildi. Tədbir başlamazdan əvvəl tədbir iştirakçıları Mərkəzin muzey hissəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edildilər.

”Muzeylər milli-mənəvi dəyərlərimizi yaşadan Mədəniyyət Mərkəzidir” mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev çıxış etdi. O, çıxışında qeyd etdi ki, hər il 18 may günü dünyada “Beynəlxalq Muzeylər günü”kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir.

İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cumhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də “İstiqlal” muzeyi fəaliyyətə başladı. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar-məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdır.

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə “səma altında muzey” adlandırmışdır.

Azərbaycanda “Muzey işinin tarixi” mövzusunda Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova çıxış etdi. O, qeyd etdi ki, Azərbaycanda muzey işinin tarixi çox da qədimi deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi nəzdində Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir.

Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixar hissi ilə qeyd olunmalıdır ki, Azərbaycan xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.