Azərbaycan və SSRİ Xalq artisti, professor Arif Məlikovun bu gün doğum günüdür!

Azərbaycan və SSRİ Xalq artisti, professor Arif Məlikovun bu gün doğum günüdür!

(13 sentyabr 1933, Bakı – 9 may 2019, Bakı)

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonuna kimi orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir. 2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. Arif Məlikov 1979-cu ildə professor adına layiq görülmüşdür. 1982-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyib. 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktoru olub. Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya,Misir,Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 86 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.