Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçib. Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistanda kompakt şəkildə yaşayıb. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib. Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub. 1987-ci ilin sonlarından isə Ermənistan SSR-in Qafan rayonundan başlayaraq azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb və bu sonrakı illərdə də davam etdirilib. 1988-1989-cu illərdə Ermənistanın başqa rayonlarında (Amasiya, Ararat, İcevan, Yeğeqnadzor, Meğri, Sisyan, Gorus, Qukark, Vardenis, Masis, Əzizbəyov, Artaşat, Hoktemberyan, Noyemberyan və s.) və şəhərlərində (Yerevan, Kirovakan, Hrazdan, Stepanavan, Spitak, Cermuk, Gümrü və s.) yaşayan azərbaycanlıların da aqibəti eyni olub. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınıblar. Tarixboyu, eləcə də münaqişə dövründə ermənilər hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar həm etnik təmizləməyə, həm də əsl soyqırımına məruz qalıblar. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki-bioloji cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

90-cı illərin əvvəllərində ermənistanın hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoyub. Məhz bu kritik anda Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar edib. 1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəlmişdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi. Beləliklə 1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız daima səfərbər olub vətən, millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxıb və bu mübarizədə bir çox igid oğullarımız şəhid olublar. Xalqımız və dövlətimiz onların Vətən uğrundakı qəhrəmanlıqlarını daima yüksək qiymətləndirib.

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğurunda Naftalan şəhəri də 26 nəfər şəhid verib.

Əliyev Habil Mikayıl oğlu

Əliyev Habil Mikayıl oğlu 1969-cu ildə avqustun 19-da Ermənistan Respublikasının Basarkeçər rayonunun Zər kəndində anadan olmuşdur. Habil Əliyev orta məktəbdə təhsilini başa çatdırdıqdan sonra Tacikistanda hərbi xidmətdə olmuşdur. O,1987-ci ildə Orta Asiyada əskəri xidməti başa vurarkən Göyçə mahalını yox,doğma yurdlarından didərgin düşən və Naftalan şəhərində məskunlaşan valideynlərinin yanına qayıtdı.

1988-ci ilin məlum hadisələri ilə bağlı Habil Əliyevin ailəsi Naftalan şəhərin də məskunlaşmışdılar. Habil Əliyev ordudan tərxis olunandan sonra ailə həyatı qurmuşdur. O, Ağkilsə kəndindən olan Mahiyyə adlı bir xanımla evlənmişdir. Bir ildən sonra Habilin bir oğlu dünyaya göz açmışdı. O, oğlunun adını Samir qoymuşdu.

Vətənin ağır günündə ermənilərin get- gedə azğınlaşdığı bir vaxtda Habil Mikayıl oğlu Əliyevdə digər qeyrətli oğullar kimi heç cür rahatlıq tapa bilmədi. O, 1 dekabr 1991-ci ildə könüllü olaraq ordu sıralarına yazıldı. Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun başçılıq etdiyi birinci batalyonunda hərbi xidmətə başladı. Habil Ağdərə bölgəsi uğrunda gedən vuruşmalarda iştirak etdi. O Aşağı Ağcakənd, Xarxaput kəndləri uğrunda gedən döyüşlərdə iyirmi erməni quldurunu məhv edərək böyük qəhrəmanlıq göstərdi. Habil Əliyev Yuxarı Ağcakənd və Gülüstan kəndlərində düşmənin atəş nöqtələrini susdurdu. Bu igid döyüşçü, cəsur əsgər qeyri-adi cəsarətli insan kimi tanındı. O, Maqanz, Meteşen, Moxpataq, Talış kəndlərinin azad olunmasında, Sərsəng su anbarının alınmasında Kasapet və ən nəhayət Drmbomda igidliklə vuruşmuşdur. Habil Əliyev 1992-ci il sentyabrın 2-də Ağdərə rayonunun Drmbon döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra ikinci oğlu Qabil dünyaya gəlmişdir. Samir və Qabil fəxr edirlər ki, Habil Əliyev kimi qəhrəman, mərd ataları var idi.

Qəhrəman döyüşçü ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir.

Məmişov Şükür Şura oğlu

Məmişov Şükür Şura oğlu 1967-ci il aprel ayının 22-də Ermənistan respublikası Vardenis rayonun Nərimanlı kəndində anadan olub. O, 1985-ci ildə Nərimanlı kənd orta məktəbini bitirib. Şükür orta məktəbi bitirdikdən sonra sürücü və elektrik çilingəri ixtisaslarına yiyələnmiş, 1986-88 illərdə isə Maqadan vilayətində hərbi xidmətdə olmuşdur. 1988 -ci ilin dekabr ayında məlum hadisələrlə əlaqədar yurdlarından didərgin düşən Şükür Məmişov 1989-cu ilin yanvarından ailə üzvləri ilə birlikdə Naftalan şəhərinə köçmüşdü. Şükür evli idi, bir oğlu vardı.

1991-ci ilin sentyabr ayında Naftalan şəhərində könüllülər dəstəsinə ilk yazılanlardan biri də Şükür olmuşdur. Şükür Qara Çinar, Xarxabut, Başkənd, Zeyvə, Buzluq, Şəfəq və Gülüstan kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Döyüş yoldaşlarının dediyinə görə 4 may 1992-ci ildə Talış kəndi döyüş mövqeyində gedən şiddətli döyüş zamanı təkbaşına 7 erməni quldurunu məhv edib, döyüşçü yoldaşı " İsanın qanını aldım"-deyibmiş. Şükür səhər 5 may 1992-ci ildə" Xocalıların da qanını alacam"- deyərək yenidən döyüşə atılaraq erməni quldurlarına başçılıq edən Boris adlı ermənini öldürür. Elə həmin gün Şükür Şura oğlu Məmişov Talış kəndi istiqamətində gedən döyüşdə 10-dan artıq erməni dığasını məhv edərək qəhrəmancasına şəhid olmuşdu.

Qəhrəman döyüşçü ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Bayramov Vaqif Dilqəm oğlu

Bayramov Vaqif Dilqəm oğlu 25.12.1979-cu il tarixdə Naftalan şəhərində anadan olub. 1986-cı ildə Naftalan şəhər İ. Nəsimi adına tam orta məktəbin 1-ci sinifinə daxil olub.1994-cü ildə həmin məktəbin 8-ci sinifini bitirərək Cəmşid Naxçıvanski adına Hərbi litseyə daxil olub. 1997-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi litseyi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuşdur. 2001-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini Motoatıcılıq ixtisası üzrə bitirmişdir. Müdafiə Nazirliyinin 23 avqust 2001-ci il tarixli 0431 nömrəli əmri ilə “Leytenant” rütbəsi verilmişdir. 2001-ci ildə Bakı şəhər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (TTM) daxil olmuş, 2002-ci ildə TTM-i bitirərək xidmətini davam etdirmək üçün 704 saylı hərbi hissəyə təyinat almışdır. Müdafiə Nazirliyinin 02 sentyabr 2003-cü il tarixli 0114 nömrəli əmri ilə “Baş leytenant” rütbəsi verilmişdir. 30 iyul 2003-cü ildə xidmətini davam etdirmək məqsədi ilə 161 saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. 2003-cü ildə xidmətini davam etdirməsi üçün 706 saylı hərbi hissəyə göndərilərək tağım komandiri vəzifəsinə təyin edilmişdir. 21 fevral 2006-cı il tarixdən 181 saylı hərbi hissəyə tağım komandiri təyin edilmişdir. 30 noyabr 2012-ci il tarixdən 172 saylı hərbi hissənin motoatıcı taborun qərərgah rəyisinin tərbiyəvi işlər üzrə köməkçisi vəzifəsinə təyin edilmişdir. 02 iyul2014-cü il tarixdən 157 saylı hərbi hissənin şəxsi heyyətlə iş üzrə bölmə rəisinin mənəvi psixoloji təminat üzrə müavini təyin edilmişdir. 07 aprel 2016-cı il tarixədək həmin vəzifədə işləmiş. 06 aprel 2016-cı il tarixdə Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəlidir 1 oğlu, 2 qızı var.

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla”a təltif edilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi daima yaddaşımızda qalacaq və heç vaxt unudulmayacaq.