Şəhər haqqında məlumat

Şəhər haqqında məlumat

Naftalan barədə hələ XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi özünün yazdığı Xəmsə əsərində bəhs etmişdi. O, indiki Naftalanın yaxınlığında yerləşən Səfi-Kürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. XIII əsrdə yaşamış avropalı səyyah Marko Polo da Azərbaycan ərazisindən keçərkən indiki Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa yerlərə daşındığını yazmışdı. Qədim dövrlərdə Asiyanın müxtəlif guşələrindən, eləcə də uzaq Hindistandan Azərbaycana üz tutan minlərlə adam müxtəlif xəstəliklərdən xilas olmaq üçün buradan naftalan nefti aparır, öz vətənlərində həmin neftin köməyi ilə müalicə olunurdu.

Ümumiyyətlə "Naftalan" sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır, "süzülən" və ya "axıb gedən" mənasını verən “nafta” sözündəndir. Qədimdə midiyalılar yağı bu cür adlandırırdılar.1783-cü ilə kimi burada Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 1890-cı ildə alman mühəndisi və iş adamı E.İ.Yeger Naftalanda sənayə üsulu ilə qazma qurğusu vasitəsilə 250 metr dərinliyə qədər quyu qazaraq orada neft çıxarmağa başladı. Lakin çıxan neftin keyfiyyəti onu heyrətə gətirdi. Buradan çıxan neftin tərkibində heç bir benzin fraksiyalı yox idi və o yanmırdı. İflasa uğramaq ərəfəsində olan alman mühəndis çoxlu adamın digər yerlərdən Naftalana bu neft ilə yuyunmaq üçün gəlməsinə diqqət yetirir. Naftalanla müalicənin xalq arasında belə geniş yayıldığını görən iş adamı buradakı adamlardan dərmanların hazırlanması təcrübəsini öyrənərək bunun əsasında Naftalanda dərman mazı istehsal edən fabrik tikir. Onun istehsal etdiyi dərmanlar tezliklə bir çox yerlərdə tanınmağa başlayır. Lakin Yeger istehsal etdiyi dərmanların sirrini gizli saxlayırdı. XIX əsrin sonu, XX əsrin əvvəlində dünyanın bir çox iri şəhərlərində, həmçinin Londonda, Hamburqda, Qahirədə, Tokioda Azərbaycanda istehsal olunan, lakin alman məhsulu kimi tanıdılan Naftalan dərmanı geniş şəkildə satılırdı. O vaxtlar Naftalana aid heç bir ədəbiyyat və oxu məlumatı yox idi. İlk yazılı ədəbiyyat Yegerin reklam nəşri oldu. Bu məcmuəyə Yeger Naftalan neftinin reklam xaraterli təbliği materialından başqa görkəmli həkimlərin 600-dən artıq müsbət mülahizələri və fikirləri də daxil edilmişdi. Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermatoloqu P.P. Unna 1903-cü ildə demişdir: "Kim Naftalana malikdirsə, onun hər şeyi var". Həmçinin tarixi faktlardan məlumdur ki, 1904-1905 -ci illərdə rus-yapon müharibəsi zamanı əsr düşən yapon əsəgrlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu yoxdur və o unikal müalicəvi əhəmiyyətə malikdir. Naftalan nefti əsəb, genikoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir.

Naftalan nefti Naftalan şəhəri ətrafında yerləşən mənbələrdən çıxarılır. Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Lakin 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir. Naftalan şəhərinin əhalisinin ümumi sayı 01 yanvar 2019-cu il tarixə 10166 nəfər olmuşdur. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 330 kilometrdir. Naftalan şəhəri 1 şəhər 2 kənddən (Qaşaltı-Qaraqoyunlu və Qasımbəyli) ibarətdir. Naftalan şəhərinin iqtisadiyyatının əsasını Sanatoriya-Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərir. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmış, Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanılmışdır. Eləcə də 1965- ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin öyrənilməsində Y.Q. Məmmədəliyevin, professorlar T.H. Paşayevin, S.Ə. Quliyevanın və tibb elmləri doktoru T.H. Hüseynovun böyük xidmətləri olmuşdur.

Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSRİ Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP MK-nın, Azırbaycan SSR Nazirlər Sovetinin "Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında" birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüş, maddi texniki bazası möhkəmləndirilmiş, yeni-yeni sanatoriyalar tikilmişdir. Belə ki, şəhərdə 480 yerlik "Mil", 480 yerlik "Azərbaycan", 580 yerlik "Şirvan", 560 yerlik "Çinar", 800 yerlik "Goran" sanatoriyası tikilmişdir. Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də həmin dövr ərzində şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, Hava limanı, Avtovağzal, 4 mərtəbəli Telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik memanxana binası tikilib istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də Naftalan şəhəri onun daim diqqət mərkəzində olmuş, Naftalan şəhərini müasir tələblərə uyğun inkişafı və dünya səviyyəli unikal bir şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bunun nəticəsidir ki, son illər Naftalan şəhərində sahibkarlıq geniş inkişaf etdirilərək yeni kurort müəssisələri yaradılmışdır. Bu məqsədlə şəhərdə müxtəlif iş adamları tərəfindən inşa olunmuş "Chinar Otel & Spa Naftalan", "Qarabağ", "Gözəl Naftalan", "Şəfa Vannaları", "Naftalan Müalicə və Sağlamlıq Mərkəzi", "Möcüzəli Naftalan", "Qaşaltı" və "Kəpəz" kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəzləri fəaliyyət göstərir. "Azərbaycan Resbublikası regionlarının 2004-2008, 2009-2013, 2014-2018- ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqram" larının icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şobəsinin, Qaz İstismar Sahəsinin, DSMF-nin şəhər şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, Şəhər Mərkəzi Xəstəxanasının yeni inzibati binaları tikilmiş, şəhər 1 və 2 saylı tam orta məktəblərində, Qaşaltı-Qaraqoyunlu kənd orta məktəbində, şəhər stadionunda, Heydər Əliyev parkı, S.Vurğun parkı və Nərimanov parkında əsaslı təmir işləri aparılmışdır. Eləcə də şəhərin bütün infrastrukturlarının inkişafına diqqətin artırılmasının nəticəsi olaraq şəhərin elektrik şəbəkəsi, qaz xətləri, su-kanalizasiya xətləri tamamilə yenidən qurulmuş, yeni istilik-qazanxana sistemləri tikilmişdir. Şəhərdə aparılan abadlıq-quruculuq işlərininin bir hissəsi olaraq bütün yaşayış binalarının fasad hissəsi, dam örtüyü yenilənmiş, həyətlərdə əhalinin asudə vaxtının səmərəli təşkili üçün istirahət guşələri yaradılmışdır.