Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

Uşaq əməyinin istismarı uşağın fiziki-mənəvi inkişafına zərbə vurur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2019-cu ilin Tədbirlər Planına əsasən Xidmət tərəfindən Masallı rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar təşkil olunub.

Tədris müəssisələrinin nümayəndələrinin və işəgötürənlərin iştirakı ilə keçən tədbir bu mövzuda təbliğat-maarifləndirmə məqsədi daşıyıb.

Tədbirdə qeyd edilib ki, uşaq əməyinin istismarı uşağın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, onu təhsildən məhrum edir, uşağın fiziki-mənəvi inkişafına zərbə vurur. Azərbaycan da uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biridir. Ötən dövrdə Azərbaycan BƏT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyənnaməsinə, digər müvafiq beynəlxalq sənədlərə qoşulub.

Ölkəmizin Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşına kimi şəxslərlə əmək müqaviləsi bağlanarkən qanunvericiliyə əsasən onların qanuni nümayəndələrinin (valideynlərinin və ya övladlığı götürənlərin, qəyyumlarının, yaxud qanunla onları əvəz edən şəxslərin) yazılı razılığı tələb edilir. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün əlavə təminatlar, güzəştlər də əksini tapıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.