Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu

Hələ prezidentliyinin əvvəllərindən münaqişənin siyasi yollarla həll olunmasına sadiqliyini sərgiləyən cənab İlham Əliyev bununla belə, əgər zərurət yaranarsa hərb yolunun da istisna olunmadığını vasitəçilərə bildirmiş, beynəlxalq tribunalardan səsləndirmişdi. Zaman etibarı ilə qısa müddətə müasir beynəlxalq standartlara cavab verən güclü və mütəşəkkil Azərbaycan Ordusu yaradılmış, müasir silahlar və döyüş texnikaları ilə silahlandırılaraq NATO nümunəsində ordu quruculuğu həyata keçirilmişdi ki, onun hansı gücə qadir olduğunu 2016-cı ilin Aprel döyüşləri göstərdi.

2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan hərbi hissələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi və noyabrın 10-a qədər davam edən döyüşlər Ermənistan Respublikasının kapitulyasiyası ilə başa çatdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ordumu­zun qüdrətilə böyük, tarixi Qələbə ilə başa çatdı. “Dəmir yum­ruq” əməliyyatı nəticəsində 30 illik işğala, yurd həsrətinə son qo­yuldu.

Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq xalqın həsrətlə, həyəcanla gözlədiyi qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları hər bir Azərbaycan vətəndaşında dövlətimizin başçısına, döyüş qabiliyyəti yüksəldilmiş, ən müasir hərbi texnika ilə təchiz edilmiş rəşadətli ordumuza inamı gücləndirirərək, iftixar hissi doğururdu. Ali Baş Komandanın rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz qüdrətini bir daha dünyaya sübut etdi. Torpaqlarımız işğaldan məhz güc yolu ilə azad edilərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları yerinə yetirilməklə ədalət bərpa edildi

Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Quliyev Çingiz