Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfəri

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfəri

Laçın və Kəlbəcər rayonları strateji bölgələr hesab edilir. Bu rayonlar 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Bununla da Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Lakin 2020-ci ildə Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan düşmən işğalından tamamilə xilas olundular.İşğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər və Laçın da Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunur.

Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu.Bunlarla yanaşı, dövlətimizin başçısı Azərbaycanın strateji hədəfləri, perspektivə baxışı və çoxşaxəli fəaliyyət istiqamətləri ilə əlaqədar konkret məsələlərə toxundu. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesi, zəruri infrastruktur yaradılması istiqamətində işlərin ardıcıl olaraq davam etdirildiyini, ölkəmizin Böyük Qayıdışı ən yüksək səviyyədə davam etdirmək əzmində olduğunu nəzərə çatdırdı.

Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işlər onu göstərir ki, Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi var. Azərbaycan Prezidentinin özünün də vurğuladığı kimi, məhz bu iradə sayəsindədir ki, cəmi 1 il ərzində ərazilərimizin quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib, bütün güclər, texniki imkanlar səfərbər olunub, maliyyə vəsaiti təmin edilib, o cümlədən inşaat sahəsində kadr potensialı formalaşdıran Azərbaycanda hərtərəfli işlər gedir.

“Bizim evlər - azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evləri. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Quliyev Çingiz