Dağıdılmış ərazilər erməni vəhşiliyinin təzahürüdür

Dağıdılmış ərazilər erməni vəhşiliyinin təzahürüdür

2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri mütəmadi xarakter alıb. Prezident İlham Əliyev işğaldan azad edilən torpaqlarimiza səfər edərkən erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini dəfələrlə vurğulayıb. Dövlət başçısı nəzərə çatdırıb ki, mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik. Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə-yeksan edilib. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi buraxmırdılar, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Artıq minlərlə insan, həm Füzuli sakinləri, eyni zamanda, xarici diplomatlar, siyasətçilər, jurnalistlər azad edilmiş torpaqlara gəlib və erməni vəhşiliyini öz gözləri ilə görürlər. Müharibə zamanı hərbi, siyasi məsələləri nəzarətinə götürərək, rəhbərlik edən Azərbaycan Prezidenti postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağ bölgələrində yenidənqurma, təmir-bərpa işlərinə bilavasitə özü başçılıq edir. Qısa müddət keçməsinə baxmayaraq, adı çəkilən ərazilərdə görülən işlər göz qabağındadır. Buna Füzuli beynəlxalq hava limanının qısa müddət ərzidə tikilmləsi nümunədir. Təsadüfi deyil ki, hazırda bölgədə müxtəlif layihələrlə məşğul olan xarici şirkətlərin nümayəndələri, o cümlədən, bölgəyə səfər edən xarici qonaqlar tamamilə məhv edilən yaşayış məntəqələrinin Azərbaycan tərəfindən bir neçə ay ərzində belə tezliklə, intensiv şəkildə yenidən qurduğuna şahidlik etdiklərini bildirirlər.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı : Quliyev Aqşin