Müstəqilliyin bərpası

Müstəqilliyin bərpası

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 30 avqust 1991-ci il tarixində Azərbaycan Ali Soveti məhz Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etmişdir. Sonra məhz bu Bəyannamədən irəli gələrək, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmişdir. 1991-ci ildə qəbul olunmuş Konstitusiya Aktının 2-ci maddəsində qeyd olunur: “Azərbaycan Respublikası 1918-ci ilin mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”. Həmin Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da referendum yolu ilə qəbul edilmişdir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Beləliklə, “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsində 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunması nəzərdə tutulur. Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə - mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə - oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin. 2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri də Azərbaycanda ictimai-siyasi sabitliyin olmasıdır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir. Bunun nəticəsində insanlarımız rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik. Azərbaycan xalqı müstəqilliyini əldə etmək üçün böyük itkilər vermiş, torpaqlarımızın müdafiəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Buna görə müstəqilliyimizi qorumaq, onun dəyərini bilmək və daim müdafiə etmək hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı: Şəfa Xəlilova