Siyasi varislik missiyası

Siyasi varislik missiyası

"İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

Ulu Öndər Heydər Əliyev

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən ulu öndərin inamını doğruldacağının siqnallarını verdi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi.

Müharibə şəraitində yaşayan, torpaqları işğal altında olan ölkə üçün ordu quruculuğu həyati əhəmiyyətə malik məsələlərdən biridir. Bunu nəzərə alan Prezident, Ali Baş Komandan İlham Əliyev hakimiyyətinin ilk illərindən müasir silahlarla təchiz olunan, yüksək döyüş qabiliyyətinə malik ordu yaradılması istiqamətində davamlı və qətiyyətli işlər aparırdı.Bunun məntiqi nəticəsi kimi, 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevi hər zaman dəstəkləmişdir. Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixindən bütün xalq onun ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni edirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi. Bu qələbəni qazanmaq üçün cənab Prezident uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.

Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu və öz adını da tarixə əbədi yazdı.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aqşin Quliyev