Vaqif xalq yaradıcılığı vurğunu

Vaqif xalq yaradıcılığı vurğunu

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində özünə­məx­sus mövqeyi olan qüdrətli ədəbi simalardan biridir. Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Onun yaradı­cılığı ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlan­ğıcı olmuşdur. Vaqifin bədii irsi bütöv şəkildə bizə gəlib çatmamışdır.Lakin şairin bizdə əldə olunan əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə ətraflı fikir söyləməyə material verir. Ədəbiyyat tariximizdə Vaqifin söz xəzinəsinin əsasını,onun ədəbi məktəb yaratmasında əsas rolu qoşmaları oynamışdır. Vaqif lirikasının əsas xü­susiy­yətlərini millilik, xəlqilik, realizm, sadəlik və nikbinlik təşkil edir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindən biridir. Həm də bu xususiyyətlər onu sələflərindən fərqləndirən, ona ədəbi məktəb yaratmaq imkanı verən əsas keyfiyyət göstəri­ci­lərindəndir. Vaqifin bədii təfəkkürünün və qələminin qüdrəti ənənəvi mövzunun istər forma-şəkil əlamətlərini, istərsə də mahiyyət-məzmun tərəfini köklü şəkildə dəyişə bilmə­sindədir. Şair həm klassik poeziyanın ənənəvi janrlarını yeni janrla əvəz etdi ,yəni qoşma ilə, həm də deyim tərzini və ifadə üsulunu təzələdi, bədii metodu dəyişdi, ma­hiyyəti mücərrədlikdən xilas etdi, ona yeni, real məzmun verdi. Vaqifin sələflərində gözəl obrazının cinsi mənsubiyyətində şərtilik vardır. Yəni, ümumiyyətlə, insan gözəlliyindən söhbət gedir. Tə­riqət meylli poeziyada bu çalar özünü daha üstün şəkildə göstərir. Va­qif­də isə məhz qadın gözəlliyindən danışıldığı dərhal anlaşılır:

Bulut zülflü, ay qabaqlı gözəlin,
Duruban başına dolanmaq gərək,
Bir evdə ki, belə gözəl olmaya,
O ev bərbad olub talanmaq gərək.

Vaqif gözəlini sələflərindən fərqli olaraq mücərrəd­likdən qurtarır,onu real aləmə qovuşdurur. Vaqif eyni zamanda abstrakt məkanı Yer üzündəki konkret məkanla əvəz edir. Bununla da,məkani mənsubiyyətdə də milliləşmə baş verir. Artıq Qaza­ğın, Qarabağın, Kür qırağının gözəlləri təsvir obyektinə çevrilir:

Bir bölük yaşılbaş sonalar kimi,
Yığılıb gəlibdir Qazağa qızlar…

Vaqifin sələflərində gözəlin dəqiq ad-ünvanı yoxdur. O, ünvansızdır. Əgər sənətkar onu hər hansı bir adla təq­dim edirsə də, bu ad dəqiq ünvan kəsb etmədən mücərrət yozumun içərisində əriyib itir. Ümumi an­lamda dərk olunan məşuq, gözəl təsiri bağışlayır. Vaqifdə yaradıcılığında isə gözəllər real ad-ünvan daşıyır. Şairin “Şamama, Zeynəb, Fatimə, Pəri, Yetər” və s. rədifli qoşmaları bu mənada xüsusi maraq doğurur. Əgər hansısa paltarın, zahiri qiyafə əşyasının adı çə­ki­lirsə bu, epizodik səciyyə daşıyır. Vaqifdə isə gö­zəl başdan-ayağa libası, geyim əşyaları ilə təs­vir olunur. Bir sözlə, sənətkar poetik obrazını, gözəlini milli ornamentlərlə bə­zə­yir. Deməli, XVIII əsr şairi poetik obrazı milli qiyafədə təqdim edir.

Ucu əşrəfili, bulut kimi sac,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki yoxdur!...

Maraqlıdır ki, sənətkar obrazı nəinki kəlağayısı, qəsabəsi, cu­nası, tomağası, hətta yaşmağı ilə göz önü­nə gətirir. Onu bütünlüklə həyatiləşdirir, milliləşdirir.

Masallı rayon Eminli kənd sakini Şəfa Xəlilova Əlövsət qızı