Mədəni irsimizə olan bağlılıq

Mədəni irsimizə olan bağlılıq

Təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri tarixin bir çox keşməkeşli hadisələrinin şahidi olub. 30 ilə yaxın Ermənistanın işğalına məruz qalmasına baxmayaraq, doğma şəhərimiz Şuşa hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qalmış şəkildə bizi gözləyirdi. Respublikamızın Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da növbəti dəfə işğaldan azad edilmiş doğma Şuşamıza səfər ediblər. Səfər zamanı Cənab Prezident və Mehriban xanım Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər. Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Dövlətimizin başçısı açılış mərasimində qədim mədəniyyət paytaxtı Şuşanın düşmən işğalından azad olunmasından, şəhərin dirçəldilməsindən, Heydər Əliyev Fondunun dahi şair Vaqifin vandal ermənilər tərəfindən dağıdılmış məqbərəsinin bərpasını öz üzərinə götürməsindən, Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” festivalının yenidən təşkilindən bəhs edib.

Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ümummilli lider Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada məqbərənin açılışı olmuşdur. Ermənistanın 30 ilə yaxın işğalı dövründə erməni vandalizmi nəticəsində məqbərə dağıdılmışdı. Şuşa işğaldan azad olunduqdan sonra isə məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri bərpa edildi, “Xarıbülbül” festivalı bərpa edildi. Artıq Şuşa şəhəri tədricən Azərbaycanın mədəniyyət paytaxtı kimi əvvəlki funksiyalarını yerinə yetirməyə başlayır. Bütün bunlar deməyə əsas verir ki, atılan bütün zəruri addımlar nəticəsində Şuşamızda həyat tezliklə öz normal axarına qayıdacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu qoruyub saxlayacaq. Molla Pənah Vaqifin məqbərəsinin açılışı, eləcə də, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsi böyük mədəniyyət hadisəsidir. Bu tarixi tədbir mədəni irsimizə və milli təfəkkürümüzə ehtiramın təzahürü olmaqla yanaşı, həm də ölkəmizin həyatında əlamətdar hadisədir.

Böyük Qələbəni bizə bəxş edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu yerinə yetirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də cənab Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqımıza çatdırdığı gün müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindən oldu. Dövlətimizin başçısının “Əziz Şuşa, sən azadsan” sözləri böyükdən kiçiyə hər kəsin dilinin əzbərinə çevrilib. “Şuşa işğaldan azad olundu" sözləri insanların qulaqlarından hələ də getməyib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Rəhim qızı