Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb

  Azərbaycan öz Qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb

Cənubi Qafqazın siyasi simasını və geosiyasi vəziyyətini əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi. 2020-ci il noyabrın 10-u Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən birgə bəyanat imzalandı və bu, təslimçilik aktı olaraq, işğalçı ölkəni sülh danışıqlarının müddəalarını təsdiqləməyə məcbur etdi. Bəyanat imzalanan gün Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev məhz bu məsələni xüsusi vurğulayaraq bildirdi ki, “Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.

Bununla Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Eyni zamanda, Qarabağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıvanın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi müəyyənləşdi. Erməniləri xarabalığa çevirdikləri tarixi yurdlarımızın bərpası, inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi indi Azərbaycanın qarşısında duran ən mühüm vəzifədir. Qarabağ bölgəsində yenidənqurma və bərpa işlərinə xüsusi diqqətin yetirilməsi tariximizə və mənəvi varlığımıza dərin bağlılığın göstəricisidir, vətənpərvərlik nümunəsidir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizdə böyük infrastruktur dəyişiklikləri həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı da inşa ediləcək. Füzuli hava limanının artıq təməli yanvarın 14-də qoyulub. İkinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək.

Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. İşğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir. Böyük vəsait tələb edəcək və Qarabağı yenidən cənnət bir məkana çevirəcək bu tədbirlərin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübədən də istifadə edilməsi ölkəmiz üçün faydalı ola bilər.

Masallı rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı Aqşin Quliyev