“Yaşat“ Fondu humanitar missiyanı əhatə edir

“Yaşat“ Fondu  humanitar missiyanı əhatə edir

44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regionda sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu. Müharibəni qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların ailələri, Qarabağ müharibəsi əlilləri,qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətidir. Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resurslarından istifadə edir. Bu da ölkə Prezidentinin Azərbaycan vətəndaşına verdiyi dəyərin daha bir göstəricisidir.

Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradıldı. Fondun vəsaiti hesabına istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlər həll olunur.

"YAŞAT" Fondu fəaliyyəti ilə dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verir. Qısa müddət ərzində 2881 şəhid ailəsinin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Fondun dəstəyi ilə qazilərimizin xarici ölkələrdə müalicələri təşkil edilmişdir. Eyni zamanda "YAŞAT" Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunur. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan dövləti hər zamankı kimi bu gündə vətəndaşının, hərbçilərimizin yanındadır.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva