Masallı rayon Heydər Əliyev Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Ekspozisiya-sərgi zalında mövcud olan 10 fotostend, 2 sənəd vitrini və 1 büstdən ibarətdir. Mərkəzdə yerləşən Fondda 322 eksponat mövcuddur. Fondun tərkibi kitab, foto və sənədlərdən ibarətdir.

Mərkəzin birinci mərtəbəsində Ümummilli Liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən Ekspozisiya zalında nümayiş olunan stendlərdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik və gənclik illəri, 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövrlər, Prezidentlik dövrü, Masallı rayonuna səfərləri haqqında fotolar və müxtəlif dövrləri əhatə edən sənədlər yer almışdır.

1.Birinci stend. Ulu Öndərin ömür-gün yoldaşı görkəmli oftolmoloq - alim, akademik Zərifə xanım Əliyeva ilə birgə çəkilən şəkilləri əks olunmuşdur.

2. İkinci stend. Heydər Əliyevin Masallı rayonuna səfərləri

Regionlara səfəri çərçivəsində Ulu Öndər Heydər Əliyev 1980-ci və 5 oktyabr 1998 -ci illərdə Masallı rayonuna gəlmişdir və bu səfəri çərçivəsində ictimaiyyətlə görüşmüş, onlara qayğısını bildirməklə yanaşı, tövsiyyə və tapşırıqlarını vermişdir. Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürür duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxardı. Ümummilli Liderimiz Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün regionları ilə yanaşı Masallı rayonunun inkişafına böyük diqqət və qayğı göstərmiş və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyev Masallı vətəndaşlarının vətənə olan sevgisini,zəhmətə bağlılığını görərək Masallı haqqında demişdir: Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır. Ulu Öndər Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə Masallı rayonunda kənd təsərrüfatının inkişafı şaxələnmiş və geniş vüsət almışdır. Ulu Öndər Heydər Əliyevin diqqəti sayəsində Masallı rayonunda çay plantasiyaları salınmasının əsası qoyulmuşdur. Masallının tərəvəzçilik, əkinçilik və heyvandarlıq rayonu olduğunu nəzərə alaraq suya olan tələbatı ödəmək üçün Viləşçay Su Dəryaçasının tikintisi həyata keçirilmiş və istismara verilmişdir. Masallı şəhərində vətəndaşların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Masallı Panel zavodunun tikintisinin həyata keçirilməsi reallaşmış və hündür mərtəbəli binaların tikilməsi sürətlə həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında vətəndaşlara elektrik enerjisinin fasiləsiz təmin edilməsi məqsədi ilə 1982-ci ildə Masallıda Elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. Ümumilli lider Heydər Əliyevin göstərişi ilə torpaqların vətəndaşlara paybəlli şəklində veriməsi həyata keçirilmişdir. Ulu Öndər demişdir: Azərbaycan torpaqları uğrunda Masallının çox qeyrətli oğulları vuruşmuşdur.

3. Üçüncü stend. Ulu Öndərin Uşaqlıq, yeniyetməlik, DTK-da fəaliyyət dövrü (1923-1969)

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın dilbər güşələrindən biri olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakultəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-si sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil almış (Sankt-Peterburq), 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.

4. Dördüncü stend. Azərbaycan KP MK-nin birinci katibi (1969-1982)

1969-cu ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilərək Respublikanın rəhbəri təyin edilir. 70-80 cı illərdə Ulu Öndər ölkəmizin hərtərəfli inkişafı sahəsində mühüm addımlar atmağa başladı. Bütün sahələrdə canlanma baş verdi. Xüsusilə, neft və energetika sahəsində mühüm əhəmiyyətli işlər görüldü, yeni müəssisələr açıldı. Bu fotolar məhz həmin illərdə Azərbaycandakı inkişafı əks etdirir.

5. Beşinci stend. Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyətinin Moskva dövrü. (1982-1990)

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin olunur. Rəhbər olduğu dövrdə təkcə Azərbaycanda deyil, bütün SSRİ məkanında gedən proseslərlə yaxından maraqlanan Heydər Əliyev bu proseslərdə bir-başa iştirak edirdi. SSRİ höküməti daim Heydər Əliyevin siyasi gücünə arxalanır, dövlət əhəmiyyətli görüşlərdə məhz onun iştirakını lazım bilirdi.

6. Altıncı stend. Heydər Əliyev siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993)

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar olaraq, ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları, icraçılarının cəzalandırılmasını tələb etmişdir və SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq,1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbayacana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O,1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-cin ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

7.Yeddinci stend. Azərbaycan Respublikasının Prezidenti (1993-1998)

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. 2-ci dəfə 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndərimiz Azərbaycanın dünya miqyasında tanınması sahəsində bir sıra mühüm addımlar atmışdır.Lissabon sammitində məhz Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan dünya siyasətinin mərkəzinə çevrildi. Azərbaycan Respublikası 2 mart 1992-ci ildən BMT-nin üzvüdür. Heydər Əliyev 28 iyul 1997-ci ildə BMT nin Baş Məclisinin sessiyasında iştirak etmək üçün ABŞ-da səfərdə olmuş və çıxış etmişdir. Azərbaycan Respublikasının iqtisadi siyasətinin önəmli istiqamətlərindən biri Müstəqil Dövlət Neft Strategiyasının hazırlanması olmuşdur. 1994-cü ilin 20 sentyabrında ARDNŞ ilə 6 xarici ölkəni təmsil edən 10 tanınmış neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan “Əsrin müqaviləsi” imzalandı.

8. Səkkizinci stend. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı (1998-2003)

Mühüm layihələrdən biri də təməli 2002-ci ildə Ulu öndərimiz tərəfindən qoyulan hamının əfsanə adlandırdığı BTC əsas ixrac boru kəmərinin çəkilişinin başa çatdırılması idi. 2005- ci ildə İlham Əliyevin iştirakı ilə bu kəmərin Azərbaycan hissəsinin açılışı oldu. 2006-cı ildə isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan BTC əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi oldu.

9. Doqquzuncu stend. Prezident İlham Əliyevin Masallı rayonuna səfəri

Müasir müstəqil Azərbaycanın bütün rayonları kimi,Masallı da inkişafın yeni mərhələsini yaşayır.Bu inkişafın təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Son illər baş verən iqtisadi yüksəliş,sosial tərəqqi müasir Masallının reallıqlarıdır.Masallılar bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olurlar. Son ildə cənab Prezident İlham Əliyev Masallı rayonuna bir neçə dəfə səfər etmişdir. Səfəri çərçivəsində dövlət başçısı bir sıra müəssisə və idarələrin açılışında iştirak etmişdir.

10. Onuncu stend. Bu stenddə Ulu Öndərin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında fərmanı öz əksini tapıb və Baş Leytenant Əhədov Maqsud Həsən oğlu ”Azərbaycan Bayrağı” ilə təltif edilmiş,(Bakı şəhəri 04 aprel 1995-ci il) və Ulu Öndər tərəfindən ona 1 ədəd qol saatı hədiyyə olunmuşdur.