Rayon haqqında məlumat

Masallı rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1930-cu ildə yaradılmışdır. Relyefinə və təbiətinə görə Respublikanın səfalı və füsunkar guşələrindən biridir. Bir tərəfi Talış dağları və meşələri, digər tərəfi isə Xəzər dənizi ilə əhatə olunmuşdur.Masallı rayonu Lənkəran,Lerik,Yardımlı,Cəlilabad,Neftçala rayonları ilə həmsərhəddir.Şərqdə Xəzər dənizi ,Qərbdə isə Talış dağlarının Burovar silsiləsi ilə həmsərhəddir.

Tarixi

Masallı ərazisində qədim insanlar 15-20 min il bundan əvvəl yaşamışlar. Abbasqulu Ağa bakıxanovun "Gülüstani irəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və Rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair qiymətli məlumatlar öz əksini tapmışdır.

"Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponimi "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir bəyin yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.

Toponimika ilə məşğul olan alimlərimizdən R.Yüzbaşov və Ş.Sədiyevin birgə yazdığı "Azərbaycanın coğrafi adları" kitabında "Masallı-Masal nəslinə mənsub" şəklində qeyd olunmuşdur.Bakı Dövlət Universitetinin dosenti, coğrafiya elmləri doktoru N.Məmmədov isə bu yaşayış yerinin yaranmasını Masal bəy adlı bir şəxslə əlaqələndirir. Bəzi tarixi mənbələrdə qeyd olunur ki, yaşayış məntəqəsinin sakinləri İranın "Masal" əyalətindən köçüb gəldiklərindən bu yer Masallı adlandırılmışdır. Beləliklə, "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.Masallı qədim qalaları,Yanardağı,İstisuyu,nadir ağaclarla zəngin meşələri,büllur bulaqları ilə diqqəti cəlb edir.

Əhalisi

Rəsmi məlumata əsasən Masallı rayonunda 230.000 nəfər əhali yaşayır.

Ərazisi

Masallı rayonunun ərazisi 721 kv.km., əhalinin orta sıxlığı hər kv.km 320 nəfərdir.

Bələdiyyələri

Masallı rayonunda 36 bələdiyyə fəaliyyət göstərir. Ümumi bələdiyyə üzvlərinin sayı 842 nəfərdir. Fəaliyyətdə olan bələdiyyələrin 1-i şəhər ərazisində, 2-i qəsəbədə, qalanları isə (33 bələdiyyə) kənd yaşayış məntəqələrində fəaliyyət göstərir.

Qoruqlar

Respublikanın ən böyük və ən zəngin qoruqlarından olan Qızılağac Dövlət Təbiət Qoruğu əsasən Qızılağac körfəzi və "Pirman" adlanan sahələrdə yerləşir. Qoruqda adları "Qırmızı kitab " a düşən quşlar və vəhşi heyvanlar var. Bundan başqa dünyada ən nadir ağaclardan olan "Qızılağac" ağacı (el arasında ona Razdar da deyilir) qorunur.

Tarixi və memarlıq abidələri

Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar, məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeloji, qalanları isə XX əsr abidələridir.

Masallı rayonunda aşağıdakı tarixi və memarlıq incəsənət abidələri mövcuddur

  1. XIV əsrə aid Hişkədərə kəndində Nəzirə Xanım türbəsi;
  2. III – IX əsrlərə aid Mahmudavar kəndində yaşayış yeri arxeoloji abidə;
  3. IX – X əsrlərə aid "Ərkivan qalası";
  4. Orta əsrlərə aid Qarğalıq ərazisində Şəhriyar yaşayış yeri;
  5. XIX əsrə aid Masallı şəhər Cümə məscidi;
  6. XIX əsrə aid Boradigah məscidi;
  7. XIX əsrə aid Qızılavar məscidi;
  8. XIX əsrə aid Masallı şəhərində hamam;
  9. XIX əsrə aid Güllütəpə kəndində Əmir türbəsi;
  10. XIX əsrə aid Ərkivan kəndində Mehti bulağı;
  11. VII əsrə aid Sığdaş kəndində Mürsəli ocağı;
  12. XVI əsrə aid Mahmudavar kəndində Baba Seyidağa türbəsi;
  13. XIX əsrə aid Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində dağ-qoç fiquru;
  14. Tunc dövrünə aid Hişkədərə kəndində Qaraxantəpə, Qoşatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları;
  15. Tunc və Dəmir dövrlərinə aid Təzə Alvadı kəndində Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları;
  16. XXI əsrə dair Ərkivan kəndində Mir Seyid Sadiq Ağa məqbərəsi;
  17. Hişkədərə kəndində iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi;
  18. Orta əsrlərə dair Ninəlov kəndində Səhhət qalası;indidə səhət qalasının daş qalıqları qalmaqdadır Ninəlov kəndi özü XIII-XIV əsrlərdə salınıb
  19. XX əsrə dair Ərkivan kəndində Şəhsəfi bulağı;
  20. XIX əsrə aid Şərəfə məscidi və hamamı ;
  21. Tunc dövrünə aid Şərəfə kurqanı.