"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür

"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür... “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında imzalanıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20 sentyabr Azərbaycanda neftçilərin peşə bayramı - "Neftçilər günü” kimi qeyd olunur. “Əsrin müqaviləsi”ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Statoil” (hazırda “Equinor”), “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub. Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır. "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.