Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Dövlət Bayraq Muzeyi

15 oktyabr 2018 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib. Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir.

Muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Lerik Tarix - Diyarşünaslıq Muzeyi

M.Ə.Rüstəmov adına Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildən fəaliyyət göstərir.Lerikin keçmiş və indiki tarixini eksponatlar vasitəsiylə nümayiş etdirir. Muzeyə ulu öndər Heydər Əliyevin əsərləri və fotoları, Azərbaycan Prezidenti İlham Əliyevin Lerikə üç səfərinə aid foto-stendlər toplanmışdır. Burada rayonun flora və faunasına, arxeologiyasına, məişətini, tətbiqi sənət nümunələrini, görkəmli şəxsiyyətlərini, alim və yazıçılarını, böyük vətən müharibəsi vetranlarını və Qarabağ şəhidlərini tanıtdıran eksponatlar vardır.

Lerik Uzunömürlülər Muzeyi

Muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünya üzrə yeganə muzeydir.

Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları,müxtəlif növ dağ bitkiləri, stress və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər.

Uzunömürlülük ənənəsi bu gün də davam edir. Hazırda rayonda yaşı 90 dan yuxarı olanların sayı 102 nəfərdir. 10 nəfər uzunömürlünün isə yaşı 100 dən yuxarıdır.