Heydər Əliyev və Lerik

Heydər Əliyev və Lerik

1994-cü il dekabrın 23-də Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyilə Respublika Sarayında aqrar islahatlara həsr olunmuş respublika müşavirəsi keçirilirdi. Müşavirəyə Azərbaycanın bütün bölgələrindən nümayəndələr dəvət olunmuşdu. Lerik rayonunu təmsil edən nümayəndələr arasında fermer Xanış Şahıyev də vardı.

Müşavirədə çıxış edənlər Prezident Heydər Əliyev tərəfindən aqrar islahatlara dair verilmiş tapşırıq və göstərişlərin gedişi barədə söz açır, qazanılan uğurlardan məlumat verir, ölkə başçısının islahatlara dair fərman və sərəncamlarını bəyənirdilər.Prezident suallar verir, kənddə yaşayanların vəziyyəti ilə maraqlanır, insanları torpağa bağlamaqdan ötrü tövsiyələrini də deyirdi.

Fermer Xanış Şahıyev danışmaq üçün əlini qaldıranda Prezident Heydər Əliyev bunu görür, ona söz verir. Fermer əvvəlcə bir neçə kəlmə ilə özünü təqdim edir. Bildirir ki, 64 yaşı var, atası 1941-1945-ci illər müharibəsində həlak olub.Təsərrüfatla məsğul olub,taxıl əkib, mal-qara saxlayıb, 22 uşaq atasıdır. İki oğlu Qarabağ uğrunda döyüşlərdə həlak olub.

Prezident Heydər Əliyev Xanış kişiyə müraciətlə: - Allah şəhidlərə rəhmət eləsin.

Xanış Şahıyev sözünə davam edərək bildirir ki, məni bu müşavirəyə Sizə olan sonsuz məhəbbətim və ehtiramım gətirib. Televiziyada çıxışlarınıza ailəmiz böyük maraqla baxır, hər sözünüz ürəyimizdən xəbər verir. Xalq üçün çəkdiyiniz zəhmət qəlbimizi dağa döndərir. Sidqi-ürəkdən xalqına bağlısan. Buna görə də xalq tərəfindən sevilirsən, xalqın məhəbbətini qazanmısan.

Lerikli fermer ölkə başçısına rayonda aqrar islahatların gedişindən, gələcəkdə görüləcək işlərdən danışır, sözünün axırında deyir: "Hörmətli Prezident, bilirəm ki, dünyada dostunuz çoxdur. Əgər çoban dostunuz yoxdursa, bloknota yazın ki, Lerikdə çoban Şahıyev Xanış mənim dostumdur". Xanış Şahıyevin çıxışı ölkə başçısının xoşuna gəlir və onu dost kimi qəbul edir.

Xanış kişi Prezident Heydər Əliyevə dərin hörmət və ehtiramını bildirərək, 1995-ci il mayın 10-da, müqəddəs Qurban bayramı günü kəsdiyi qoyunları Prezident Sarayına gətirir və ölkə başçısı ilə görüşüb, bayram münasibəti ilə onu təbrik edir. Fermer Prezidentə öz ailəsi və təsərrüfatı barədə ətraflı söhbət açır, Lerik camaatının salamlarını ölkə başçısına çatdırır.

Prezident Heydər Əliyev Xanış Şahıyevin təsərrüfatdakı fəaliyyətini dəyərləndirir. Kəsdiyi qoyunları Bakıda şəhid və qaçqın ailələrinə paylamağa göstəriş verir.

Xanış Şahıyev ənənəsinə sadiq qalaraq hər il Qurban bayramında qurbanlar kəsib paytaxta gətirib ölkə başçısı ilə görüşürdü.

Azərbaycan Prezidenti İlham Əliyev 2005 -ci və 2006 -cı illərdə Lerikə səfərlərində fermer Xanış Şahıyevlə görüşmüş, dostluqda sadiqliyini bir daha nümayiş etdirmişdir.